» » Zəfər Qurultayı


Zəfər Qurultayı

Azərbaycanın şanlı tarixinə Zəfər Qurultayı kimi həkk olunan Dünya Azərbaycanlılarının V Qurultayı sona yetsə də, qurultayın əhatə etdiyi mühüm amillər bu gün də Azərbaycan və beynəlxalq mediyada geniş müzakirə edilməkdədir.

30 il düşmən işğalında qalmış Qarabağın, mədəniyyət beşiyimiz Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi qürurverici və dünyaya bir mesajdır.

Qarabağ uğrunda 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə həqiqətlərinin qəbulu yönümündə vacib uğurların əldə olunduğu vaxtda dünyanın müxtəlif ölkələrinə yayılmış canı bir, qanı bir qardaşlarımızın Qarabağa, mədəniyyət paytaxıtı Şuşaya yığılaraq perspektivləri müzakirə etmələri,  müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib Prezident kimi nitqində əksini tapan məqamlara uyğun olaraq gələcək işlərində hansı yeniliklərə zərurət olduğunu müəyyənləşdirmələri və digər  biri-birindən önəmli addımlar qalibiyyətimizin bizlərə yaratdığı imkan, bəxş etdiyi xoşbəxtlikdir.

Azərbaycan xalqı 30 ildən sonra Füzulidən Şuşaya çəkilmiş Zəfər yolu ilə Azərbaycanın döyünən ürəyi olan Şuşanı görmək imkanı əldə etdi.Qısa zamanda onun əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində atılan addımların şahidi oldular.

Şuşa 28 il işğala dözdü. Sınmadı, əyilmədi və nəhayət öz xilaskarlarına və doğma Vətənə qovuşdu. Bu gün Azərbaycan həqiqətən də bütün sahələrdə ardıcıl olaraq möhtəşəm zəfərlər qazanır. 

Dövlətimizin belə nailiyyətlərindən biri də postmüharibə dövrünün reallıqlarının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasıdır. Prezident İlham Əliyev öz çıxışında bu məsələyə xüsusi diqqət yetirərək bildirdi ki, dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən yeni reallıqların qəbul edilməsi Azərbaycanın böyük uğurudur. 

Əlbəttə ki, bu baxımdan BMT xətti ilə Şuşa şəhərində bu yaxınlarda Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş beynəlxalq tədbirin keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha sübut edir ki, BMT Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyır. 

Həmçinin BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına hazırda Azərbaycanın sədrlik etməsi də ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata üzv olandan dərhal sonra keçmiş münaqişə ilə bağlı ədalətli mövqe nümayiş etdirmişdir. Birmənalı şəkildə Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, işğal dövründə, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

 İslam Əməkdaşlıq Təşkilatının işğal dövründə dəfələrlə Azərbaycanın mövqelərini əks etdirən qərar-qətnamələr qəbul etməsini də vurğulamaq lazımdır. Hazırda beş qonşu ölkə tərəfindən 3+3 formatda əməkdaşlıq platforması yaradıb. Qonşu ölkələrin hamısı postmünaqişə reallıqlarını qəbul ediblər. Böyük dövlətlər bu reallıqları qəbul ediblər. Bundan sonra artıq Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi Azərbaycan ortaya qoydu. Dövlət başçımızın dediyi kimi, bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim etdi. Lakin Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Heç şübhəsiz bu, postmünaqişə dövrü üçün vacib məqamdır və Azərbaycan dövləti məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindədir.

Sənubər İbrahimova,
Masallı rayonu
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR