» » Çaylı kəndinin daha bir tankçı qəhrəmanı


Çaylı kəndinin daha bir tankçı qəhrəmanı

Vətən müharibəsinin yenicə başladığı günlərdə “Real tv”nin səngərdən təqdim etdiyi döyüşçülər arasında Milli Qəhrəman Albert Aqarunov adına medalla təltif olunan tankçı Əfsun Astanov da var idi. Onun hünərindən qürürlanan biləsuvarlılar sonradan  bildilər ki,  Çaylı kəndinin qəhrəmanlarını saymaqla qurtaran deyil.. .

Müharibənin davam etdiyi günlərdə Elməddinin (Babayev), Cahidin (Qəniyev), Amidin (Əliyev),  Kamranın (Məmmədzadə), Elvinin (Kərimov), Sahilin (Məmişli) və Elnurun (Allahverdiyev) şəhadəti xəbərini aldılar. Qanlı döyüşlərdə düşmənə qan udduran neçə - neçə cəsur oğlunun qəhrəmanlıqlarından qürur keçirdik.
İki minə yaxın əhalisi olan kiçik bir kənddən 7 şəhid, onun 4-ü tankçı... Sanki bu kəndin uşaqları at belində deyil,  tank belində böyümüşdülər. Vətən müharibəsindən 2 ilə yaxın bir zaman keçir, kəndin müharibədə döyüşən oğulları ilə hər görüş yeni bir xoş xatirəyə çevrilir. Həm də, biləndə  o, da tankçı olub,  təəccübümüz daha da artır..

... Məğrur baxışlı, pəhləvan cüssəli  daha bir həmyerlimizlə tanışlıq bu heyrətimi yenilədi. Onun da Vətən müharibəsində döyüşlərdə tankçı kimi döyüşdüyünü biləndən artıq düşünürəm ki, yəqin  mühaharibədə bir tank bölüyü tamamilə çaylılardan ibarət imiş. 

Kəndliləri - Cavid,  Əkbər, Şamxal, Elvin, Anar, Elçin, Davud, Təbriz, Orxan və onlarla belə igid, qorxmaz   oğullar kimi o da, qanlı döyüşlərin birində ağır yaralandıqdan sonra, ordudan təxris olub.

 Müharibədən, ağır döyüş əməliyyatlarınıda iştirakından qürurla danışan Qafur Hüseynli Vətən müharibəsi başlayan ilk gündən Talışkənd, Suqovuşan istiqamətində düşmən mövqeylərini dağıdan tanklardan birinə komandirlik edib. İştirkçısı olduğu uğurlu döyüş əməliyyatlarında düşmənə çoxsaylı sarsıdıcı zərbələr vurub.
Bu döyüşlərdə bacarıqlı komandirlərinin heyrətamiz döyüş taktikasından, döyüş yoldaşlarının rəşadətindən danışarkən qürürundan göz yaşlarını gizlədə bilmədi o. Bu göz yaşları daha çox  həmkəndlisi-döyüş yoldaşının son sözlərinin yada düşməsi idi: “Sonuncu dəfə Elməddinlə (həmkəndlisi) Suqovuşan  uğurunda döyüşürdük, onu digər istiqamətdə köməyə apardılar. Bir müddət sonra onun şəhid olmasını eşitdim.  Qiymətli  yoldaşlarımızı bir bir itirmək nə qədər çətin olsa da, sonacan irəli getmək, hər birmizi düşündürən ali  məqam idi. Yalnız bir məqsəd var idi, ya hamımız şəhid olmaq, ya da Ali Baş Komanadanın hücum əmrini tamamlamaq!. Şükürlər olsun şəhidlərimizin qanı yerdə qalmadı, mən 21 oktyabrda Tərtər istiqamətində ağır yaralanıb, döyüşümü saxlamalı olsam da, dəmir yumruq altında birləşən mubariz  ordumuz düşmən üzərində şanlı Qələbə çaldı.. .

Qeyd edək ki, Qafur Hafiz oğlu Hüseynli 1995-ci ildə Çaylı kəndində anadan olub. Anasını uşaq yaşlarında itirib. Çaylı kənd tam orta məktəbini bitirib. Həqiqi hərbi xidmətini N saylı hərbi hissənin "top" bölüyündə manqa komandiri kimi başa vurub.
2016-cı ilin oktyabrından Silahlı Qüvvələrimizdə gizir kimi xidmətə başlayan Q. Hüseynli bir müddət sonra  tank komandiri təyin olunub. O,  Vətənə  beş illik xidməti zamanı canını, qanını qurban verməyə hər an hazır olduğunu 44 günlük haqq savaşında göstərdiyi yüksək rəşadəti ilə bir daha sübut etdi. Müxtəlif döyüş tapşırıqların icrasında dəfələrlə fərqləndiyinə görə Hərbi hissə rəhbərliyi tərəfindən  Fəxri fərmanlar və Təşəkürnamələrlə təltif olunub.
Vətən müharibəsində ağır yaralandıqdan sonra da o doğma torpaqlarda  xidmətini davam etdirmək arzusu ilə yenidən müraciət etsə də,   aldığı çoxsaylı travmalar buna imkan vermədi. Qəlbi Vətən eşqi ilə döyünən igidimiz hər an Ali Baş Komandanın müsəlləh əsgəri kimi döyüş əmrlərinə hazır olduğunu bildirir.

Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


Oxşar xəbərlər:

SON MƏQALƏLƏR