Son illərə qədər Qızılqaz kimi tanınan flaminqolar Mahmudçala Ovçuluq Təsərrüfatında ən çox qışlayan köçəri quşlar hesab olunurdu. Lakin bu il vəziyyət fərqlidir, çünki havaların mülayim keçməsi və bir sıra digər amillər quşların miqrasiyasında öz təsirini göstərib.
AZƏRTAC-ın bölgə müxbiri Mahmudçala Ovçuluq Təsərrüfatında olub, köçəri quşların miqrasiya marşrutlarının dəyişməsinin səbəblərini araşdırıb.
Mahmudçala flaminqoların daha çox miqrasiya etdiyi su-bataqlıq ərazisi sayılır. Hər il bura yüzlərlə flaminqo gəlsə də, bu il ilk dəfə olaraq onlara rast gəlinməyib. Mütəxəssislər isə bunun səbəbini payız və qış fəslinin daha mülayim keçməsi və burada qışlayan quşlar üçün su səviyyəsinin az olması ilə əlaqələndirirlər.
“Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisi su və yem bazasının zənginliyi baxmından köçəri quşların burada rahat qışlamasına imkan verir. Təsərrüfatda adı “Qırmızı kitab”a düşən quşlara da rast gəlmək olur. Köçəri quşlar əsasən sentyabr ayının ortalarından başlayaraq, ölkəmizdəki sututarlara köç edir. Təəssüflər olsun ki, bu il flaminqolar burada müşahidə edilmədi. Bunun əsas səbəbi su təchizatının stabil olmamasıdır. Lakin son bir ildir ki, təsərrüfat ərazisində su və yem ehtiyatlarının ötən illərlə müqayisədə müəyyən qədər artdığı müşahidə olunur. Bu da onu deməyə əsas verir ki, gələn il flaminqoların yenidən bura köç etməsi üçün münbit şərait olacaq. Hazırda filaminqoları Azərbaycanda müşahidə etmək üçün əsasən dənizsahili milli parklara getmək lazımdır. Abşeron və Qızılağac Milli parklarında da qızılqazlar müşahidə edilir”, - deyə Şirvan Milli Parkının direktoru Seymur Kərimov bildirib.
Hazırda ovçuluq təsərrüfatında ördək, qaşqaldaq və digər köçəri quşlar üstünlük təşkil edir. Burada quşların kütləvi yataq yerlərində ov etməyə icazə verilmir. Çünki, bu, quşların kütləvi qışlamasına mane ola bilər.
“Mahmudçala Ovçuluq Təsərrüfatında müxtəlif növ quşlar məskunlaşıb. Su-bataqlıq quşlarından əsasən qaşqaldaq, gərəf və ördəyin ovlanmasına icazə verilir. Eyni zamanda, ovlanması qadağan olunan quşlara xüsusi nəzarət edilir. Qanunsuz ov edənlər tərəfimizdən saxlanılaraq, barələrində tədbirlər görülür. Bu il flaminqolar gözə dəyməsə də, əvvəlki illərlə müqayisədə digər quşların sayında artım müşahidə edirik. Adları “Qırmızı kitab”da yer alan soltantoyuğu, qaranaz, ərzindimdik kimi quşların sayı artıb. Buna səbəb son bir ildə təsərrüfat ərazisində su və yem ehtiyatlarının çoxalmasıdır. Ümid edirik ki, növbəti ildə digər quşlar kimi flaminqoların da sayında artım olacaq” , - deyə Mahmudçala Ovçuluq Təsərrüfatının sahə müfəttişi Rahib Həsənov vurğulayıb.
Qeyd edək ki, 7136 hektarlıq ərazini əhatə edən Mahmudçala Ovçuluq Təsərrüfatı çöl quşlarının növünə və qışlama sayına görə Avropada İngiltərə və Niderlanddan sonra 3-cü yerdə qərarlaşıb.