25 Noyabr – Kəlbəcər Şəhəri Günü
Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonlarından biri olmaqla, təxminən 3700 metr yüksəklikdə ucalan Dəlidağ və Camışdağ zirvələri ilə seçilir. İlk insan məskənlərinin izlərinin tapıldığı bu ərazi minillik tarixi özündə yaşadan qədim yaşayış məkanıdır. Kəlbəcərdə aşkarlanan 30 min il əvvəlki yeraltı yaşayış yerləri, 6 min il yaşı olan qaya təsvirləri və qədim türk əlifbası nümunələri dünya arxeologiyası üçün unikal tapıntılar sayılır. Bu ərazidəki daş abidələr Şimali Azərbaycanda erkən dövrlərdə türklüyün, atəşpərəstliyin, xristianlığın, eləcə də VII əsrdən etibarən İslamın yayılması barədə dəyərli elmi məlumatlar təqdim edir.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcəri işğal etməsi rayonun tarixində ən faciəli səhifələrdən biri oldu. İşğal zamanı 511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və itkin düşdü. 30 aprel 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi qəbul edilərək Ermənistanın Kəlbəcər və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb edilsə də, rəsmi İrəvan bu çağırışa məhəl qoymadı. Beynəlxalq təşkilatların tələbkarlıq göstərməməsi nəticəsində Ermənistan cəzasızlıq mühitindən istifadə edərək 1999-cu ildən etibarən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasətini həyata keçirdi. Ermənistandan və xarici ölkələrdən köçürülən insanlar 27 il müddətində azərbaycanlılara məxsus evlərdə yaşadılar, regionun zəngin təbii sərvətlərini taladılar vəhşicəsinə istismar etdilər.
İşğal nəticəsində Kəlbəcərin onlarla tarixi-mədəni abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibb məntəqəsi, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina və minlərlə yaşayış evi dağıdıldı və talan edildi. Rayonun milyardlarla manatlıq təbii sərvəti Ermənistan tərəfindən mənimsənildi. Etnik təmizləməyə məruz qalan Kəlbəcər sakinləri respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmaq məcburiyyətində qaldı.
2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunun Azərbaycana qaytarılması qərara alındı. Əvvəlcə təhvil tarixi 15 noyabr müəyyən edilsə də, Ermənistan tərəfinin Rusiya vasitəsilə etdiyi müraciət əsasında, ərazinin mürəkkəb relyefi və genişliyi nəzərə alınaraq bu müddət 25 noyabr tarixinədək uzadıldı. Bölgəni tərk edən ermənilərin meşələri yandırması və əraziyə ziyan vurması ekoloji terror nümunəsi kimi tarixə düşdü.
Nəhayət, 25 noyabr 2020-ci ildə Kəlbəcər işğaldan tam azad edildi və Azərbaycan Silahlı Qüvvələri rayonun nəzarətini ələ aldı. Bu gün digər azad olunmuş bölgələrimizdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Artıq kəlbəcərlilərin doğma torpaqlarına Böyük Qayıdışı başlayıb və rayonun yenidən dirçəlişi davam edir.
Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan