Üç ananın bir oğlu...

Bu yazıda öyünməyə xan çinarı, buz bulağı olmayan, çaysız, bağsız, dillər əzbəri limonsuz, dünya bazarında pomidorsuz, narsız olan, dəniz səviyyəsindən ən hündürdə yerləşməyən, uşaqlarının həyatda gördükləri ilk yüksəklik Bakıya gələndə Qaradağın qara təpələri olan Biləsuvardan yazmaq istəyirəm.

Ay kişi, nə yazım axı? İçimdə və dilimdə bu cavab olub həmişə. Doğrudan da durduğu yerdə nə yaza bilər ki, adam? Yazım ki, Biləsuvarda dünyanın ən dadlı ənciri yetişir? Bəs Abşeronunku hara getsin? Yəni, bu məsələlərdə vurdumduymazlıq alınan şey deyil. İçimdəki bu uzun illərə söykənən axtarışlarım elə bir yerə gətirib çıxardı ki məni, düşdüyüm sanki burulğandır, heç cür çıxa bilmirəm içindən.

Bayaq Biləsuvara, doğulduğum Nərimankəndə getmişdim. Şəhidlərimizdən birinin, Əbilzadə Sübhanın ata evinə baş çəkdim. Şəhidimiz haqqında hazırlayacağımız reportaj uçün anasının da, atasının da danışmasını xahiş etdim. Otaqda iki qadın oturmuşdu. Eyni anda ikisi də bir-birlərini nişan verərək "anası odur, qoy o danışsın" dedilər. Çaşqın halda onlara baxırdım. İkisi də göz yaşları içində "sən danış" deyə bir-birlərinə israr edirdilər. Hələ də donub qalmışdım.

"Sübhan Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanıb gəlmişdi. Üç qəlpədən biri elə bədənində qaldı. Bir neçə gün evdə qalıb geriyə döndü. Gedəndə çox ağladıq - anaları da, biz də. Dedi ki, mən iki sağlam anamı burda qoyub yaralı Anamın dalınca gedirəm. Və getdi...".

Elbrus Ərud
(“Qafqazinfo. az” 26.01.2021 )
Müzakirə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.