Çadr
» » “Mübarizdən sonra” – yaddaşlarda yenidən dirçələn qəhrəmanlıq dərsi


“Mübarizdən sonra” – yaddaşlarda yenidən dirçələn qəhrəmanlıq dərsi

19 dekabr 2025, Cümə
128
0

“Mübarizdən sonra” kitabının növbəti təqdimatı müəllifin özünün də ibtidai təhsil aldığı Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbində böyük maraq və anşlaqla keçirilib. Qəhrəmanlıq ruhunun, vətən sevgisinin və milli yaddaşın aşılandığı bu görüş məktəb ictimaiyyəti üçün unudulmaz mənəvi hadisəyə çevrilib.

Tədbiri zəngin pedaqoji təcrübəyə malik, qabaqcıl təhsil işçisi, məktəbin direktoru Xanımgül Abıyeva açaraq iştirakçıları salamlayıb, belə görüşlərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zal boyu hökm sürən sükut bu müqəddəs adlar qarşısında duyulan dərin ehtiramın ifadəsinə çevrilib.

Sonra müəllif, AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair Müşfiq Muğanlı çıxış edərək “Mübarizdən sonra” kitabının yaranma tarixindən və ideya qaynaqlarından danışıb. O, əsərin Ağakərim İbrahimovun vəsiyyətinə əsasən qələmə alındığını diqqətə çatdıraraq bildirib ki, bu kitab təkcə bir qəhrəmanın həyat yolunu deyil, bütöv bir xalqın mərdlik salnaməsini əks etdirir.

Çıxışda Milli Qəhrəman Mübariz İbrahimovun uşaqlıq illərindən idmanla məşğul olması, vətənpərvər və qeyrətli ruhda böyüməsi, Vətən sevgisini hər şeydən üstün tutaraq düşmən gülləsinə sinə gərməsi təsirli faktlarla xatırladılıb. Müəllif Mübarizin timsalında Azərbaycan gəncliyinin mənəvi gücünü və milli ruhunu bir daha iştirakçılara sevdirə bilib.

Tədbirin mənəvi yükünü artıran məqamlardan biri də görüşün uzun illər bu məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərmiş, müəllifin bir neçə kitabına redaktorluq etmiş mərhum Namiq Feyziyevin doğum gününə təsadüf etməsi olub. Bu münasibətlə onun xatirəsi ehtiramla yad edilib, pedaqoji və insani keyfiyyətlərindən söz açılıb.

Müşfiq Muğanlı tədbirin yüksək səviyyədə təşkilinə görə məktəb rəhbərliyinə və kollektivə dərin təşəkkürünü bildirib, bu cür görüşlərin Mübariz İbrahimov kimi qəhrəmanların gənc nəslə daha yaxından tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Kitabın bədii redaktoru Ənivəs Feyziyeva da çıxış edərək əsər haqqında fikirlərini bölüşüb.

Şagirdlər öz növbəsində çıxış edərək kitabı mütləq oxuyacaqlarını, Mübariz yolunu bundan sonra da şərəflə yaşadacaqlarını bildiriblər. Onların səmimi sözlərində bir həqiqət aydın hiss olunurdu: Mübariz bu məktəbdə yenidən sevilib, yenidən yaşadılıb.

Sonda “Mübarizdən sonra” kitabı məktəbin kitabxana fonduna hədiyyə olunub, xatirə fotoları çəkdirilib. Tədbir təkcə bir kitabın təqdimatı deyil, qəhrəmanlıq ruhunun, milli yaddaşın və vətən sevgisinin iştirakçıların qəlbində bir daha dirçəldiyi unudulmaz görüş kimi yadda qalıb.








Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.