Çadr
» » Ağ Örtük, Yaşıl Ümidlər – Qarın Gətirdiyi Bərəkət


Ağ Örtük, Yaşıl Ümidlər – Qarın Gətirdiyi Bərəkət

13 fevral 2026, Cümə
125
0


Son günlər bölgələrə yağan intensiv qar bir sıra çətinliklər yaratsa da, kənd təsərrüfatı üçün bol məhsul və bərəkət vəd edir. Xüsusilə mərkəzi Aran rayonlarında müşahidə olunan qalın qar örtüyü payızlıq əkin sahələrinin məhsuldarlığına müsbət təsir göstərəcək.

Bəli, qar Rəbbimizin yer üzünə nazil elədiyi ən böyük rəhmət və bərəkət simvolu hesab olunur. Qar torpağın əkin qatını uzun müddət tədricən nəmliklə təmin etdiyi üçün heç bir suvarma sistemi onun qədər effektiv təsir göstərə bilmir. Onun torpağın əkin qatında yaratdığı möcüzəvi struktur dəyişiklikləri və mikrobioloji mühitin tənzimlənməsi baxımından əvəzolunmaz nemətdir.

“Bilesuvarinfo”ya bu haqda danışan Biləsuvarlı aqronom Mirsahib Zəkiyev bildirib ki, qar örtüyü torpağın nəmlik balansını qoruyur, şaxtadan müdafiə rolunu oynayır və torpaqda mikrobioloji prosesləri aktivləşdirir. Bu amillər yaz mövsümündə bitkilərin sağlam inkişafına və məhsuldarlığın artmasına şərait yaradır:

“Qarın yağması və uzun müddət torpaq üzərində qalması bitkilər üçün təbii mühafizə rolunu oynayır. Şaxtalı hava torpaqdakı xəstəlik törədici mikrobların məhv olmasına və gəmiricilərin fəaliyyətinin məhdudlaşmasına səbəb olur. Ağ örtüyə bürünən torpaq qışda yazın yaşıl ümidlərini və bərəkətini içində saxlayır.”

Aqronom qeyd edib ki, bol qar meyvə ağacları və çoxillik bitkilər üçün də faydalıdır. Qar təbəqəsi ağacların kök zonasını şaxtadan qoruyur, torpaqda su ehtiyatını artırır və yaz aylarında torpağın tədricən nəmlənməsini təmin edir. Bu isə ağacların erkən vegetasiya mərhələsində stresssiz inkişafına, çiçəklənmənin sağlam keçməsinə və məhsul tutumunun artmasına şərait yaradır.

Biləsuvar regionunda suvarma imkanları nisbətən məhdud olduğundan və ümumi əkin dövriyyəsinin böyük hissəsi demyə əkinçiliyi ilə formalaşdığından, qarın payızlıq dənli taxıl bitkiləri üçün əhəmiyyəti xüsusilə böyükdür. Qarın torpaqda təmin etdiyi nəm, sağlam bitki örtüyünün formalaşmasına və yüksək məhsuldarlığın təməlinin qoyulmasına səbəb olur.

Eyni zamanda, qar sularının torpağa hopması yeraltı su ehtiyatlarının bərpasına da kömək edir ki, bu da yay mövsümündə suvarma imkanlarını yaxşılaşdırır.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.