Biləsuvarda ilk dəfə badam bağı salınıb – qeyri-ənənəvi əkin modeli formalaşır
Biləsuvar rayonu ənənəvi olaraq taxılçılıq və pambıqçılıq təsərrüfatı ilə tanınsa da, son illər bölgədə kənd təsərrüfatının şaxələdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu istiqamətdə atılan ən diqqətçəkən nümunələrdən biri rayonda ilk dəfə salınan 5 hektarlıq badam bağıdır. Qeyri-ənənəvi əkin modeli kimi qiymətləndirilən bu layihə həm innovativ yanaşması, həm də gələcək iqtisadi potensialı ilə seçilir.
Bağda əkilən tinglər “Ferragnes” badam sortuna aiddir. Bu sortun əsas üstünlükləri gec çiçəkləməsi, şaxtaya və quraqlığa davamlılığı, eyni zamanda məhsuldarlıq potensialının yüksək olmasıdır. Rayonda ilk dəfə tətbiq edildiyi üçün layihəyə başlamazdan əvvəl torpaq laborator analizlərdən keçirilib, torpaq-iqlim uyğunluğu elmi əsaslarla qiymətləndirilib. Müsbət nəticələr əldə olunduqdan sonra təcrübəli mütəxəssislərin iştirakı ilə intensiv bağçılıq modelinə uyğun əkin aparılıb.
Hazırda bağın vegetasiya vəziyyəti və ağacların inkişaf tempi mütəxəssislərin proqnozlarına görə, artıq növbəti ildən məhsuldarlıq mərhələsinə keçidi mümkün edir. Bu isə Biləsuvar şəraitində badamçılığın perspektivli və iqtisadi baxımdan səmərəli sahə olduğunu göstərir.
Sahibkar Xəyal Hüseynov bildirir ki, əsas məqsəd rayonda qeyri-ənənəvi meyvəçiliyin tətbiqi, kənd təsərrüfatında yeni istehsal modellərinin formalaşdırılması və gələcək mərhələdə ixrac potensialının yaradılmasıdır. Onun sözlərinə görə, bağda suvarma və becərmə tamamilə müasir texnologiyalar üzərində qurulub. Damcı suvarma sistemi, torpaq analizlərinə əsaslanan gübrələmə mexanizmi, ehtiyat su anbarı və innovativ aqrotexniki üsullar layihənin dayanıqlılığını təmin edən əsas amillərdəndir.
Kənd təsərrüfatı mütəxəssisi Zaur Səlimov isə bu təşəbbüsü regional inkişaf baxımından strateji nümunə kimi qiymətləndirir. Onun fikrincə, layihədən əvvəl aparılan düzgün araşdırmalar, torpaq və iqlim faktorlarının elmi əsaslarla qiymətləndirilməsi bağın uğurlu inkişafının əsas səbəblərindəndir. Mütəxəssis qeyd edir ki, iki illik bağın inkişaf səviyyəsinin 4–5 yaşlı bağın potensialına uyğun olması regionun badamçılıq üçün əlverişli zona olduğunu açıq şəkildə nümayiş etdirir.
Hazırda sahədə yaz mövsümünə hazırlıq çərçivəsində budama işləri aparılır, aqrotexniki qaydalara ciddi əməl olunur, zərərvericilərə qarşı vaxtında profilaktik mübarizə tədbirləri həyata keçirilir. Su təminatında isə 1500 kubmetrlik ehtiyat su anbarı və damcı suvarma sistemi vasitəsilə dayanıqlı su rejimi formalaşdırılıb.
Aparılan müşahidələr və ilkin nəticələr onu deməyə əsas verir ki, Biləsuvarda qeyri-ənəvi meyvəçilik artıq sadəcə eksperiment deyil, real iqtisadi perspektivlər və ixrac imkanları formalaşdıran yeni aqrar inkişaf modelinə çevrilməkdədir. Bu cür təşəbbüslər region kənd təsərrüfatının strukturunun yenilənməsi, fermer təsərrüfatlarının gəlirliliyinin artırılması və kənd yerlərində dayanıqlı inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.








Türkiyə
Pakistan
İsrail
Azərbaycan