Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarın ilk səhnə məktəbi – “Pəncərə”ni sındırdılar


Biləsuvarın ilk səhnə məktəbi – “Pəncərə”ni sındırdılar

08 dekabr 2025, Bazar ertəsi
95
0

Biləsuvarın mədəni həyatında bir “pəncərə” vardı – həm bir anlayış, həm də bir ad kimi. 2018-ci ildə rayon Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Pəncərə” teatrı (studiyası) bölgənin ilk yeni teatr kollektivlərindən biri oldu. Kollektiv yalnız tamaşa nümayiş etdirmirdi; o, gənclərin səhnə ilə tanış olmasına şərait yaradır, teatr ənənəsinin formalaşmasında və rayonda mədəni mühitin formalaşmasına töhfə verirdi.

Uzun illər Biləsuvarda nə peşəkar, nə də yarımpeşəkar teatr fəaliyyət göstərmirdi. “Pəncərə” həmin boşluğu dolduran ilk təşəbbüs oldu. Teatrın bədii rəhbəri, rejissor, ssenarist və aktyoru Cahangir Məlikov gəncləri bir araya gətirərək şəhərdə əvvəllər mövcud olmayan teatr atmosferini yaratdı. Onun ətrafında formalaşan yaradıcı komanda — istedadlı aktyorlar İlqar Dadaşov, Günel Mirzəyeva və digər gənc mədəniyyət işçiləri qısa müddətdə “Pəncərə”nin peşəkar səhnə truppasını formalaşdırmağı bacardı. Onların təqdim etdikləri tamaşalar nəinki Biləsuvarda, hətta regionda tanınaraq məşhurlaşdı. Bura təkcə tamaşa göstərilən yer deyildi. Bu studiyada onlarla gənc ilk dəfə səhnəyə çıxır, aktyorluqla tanış olurdu. Ardıcıl premyeralar tamaşaçıları yenidən teatr salonuna gətirdi – uzun illərdən sonra Biləsuvarın mədəni həyatı canlandı.

2018-ci ildə səhnələşdirilən “Qurbanın qurbanlığı” tamaşası narkomaniya mövzusuna toxunduğu üçün böyük maraq doğurdu və teatrın ilk böyük uğurlarından oldu. Ardınca 2019-cu ildə Nəcəf bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” tamaşası səhnəyə gətirildi. Bu, həm klassik irsə hörmət, həm də teatrın peşəkarlığa doğru atdığı mühüm addım idi. Tamaşa respublika müsabiqəsində birinci yerə layiq görülsə də, teatrın “xalq teatrı” statusu olmadığı üçün mükafat formal olaraq təqdim edildi.

“Pəncərə” yalnız Biləsuvarda məhdudlaşmadı – tamaşalar Salyan, Şirvan və digər rayonlarda nümayiş etdirildi, kollektiv regional səviyyədə tanındı. Teatr həm klassik, həm müasir dramaturgiyanı səhnəyə gətirir, maarifləndirici səhnəciklər hazırlayır, məktəblilər üçün xüsusi proqramlar həyata keçirirdi. 2022-ci ildə hazırlanmış “Qisas” tamaşası isə kollektivin ən böyük layihələrindən biri oldu. Vətən müharibəsinə həsr olunan bu səhnə işi minlərlə tamaşaçının alqışını qazandı və teatrın zirvə uğuru kimi yadda qaldı.

Bu teatr birdən-birə yaranmamışdı. Cahangir Məlikovun mədəniyyət sahəsindəki yolu 2007-ci ildə kənd klubunda başlayıb. Daha sonra o, Biləsuvar Mədəniyyət Mərkəzində tədbirlərin ssenari müəllifi və təşkilatçısı kimi fəaliyyət göstərib. 2011-ci ildə yazdığı “Babamın son arzusu” tamaşası yerli səhnə ənənəsinin yenidən dirçəlməsinə təkan verib. Ardınca “Ölməz aşiqlər”, “Yarımçıq arzular”, “İtkin, yoxsa şəhid?” kimi tamaşalar gəlib. 2014-cü ildə isə “Aytək” serial-tamaşası çəkildi – bu, ölkədə bu formatda hazırlanmış ilk layihələrdən biri idi.

Bütün bu işlərə baxmayaraq, teatr son illərdə demək olar ki, real dəstək görmədi. Səfərlər, kostyumlar, səhnə quruluşu, məşqlər – hər şey şəxsi imkanlarla həyata keçirilirdi. Sonuncu dəfə erkən nikah mövzusunda pyesin səhnələşdirilməsi üçün dəstək istənilsə də, cavab verilmədi. Salyan–Şirvan Regional Mədəniyyət İdarəsinin bölgə üçün əhəmiyyətli olan teatrın yaşamasına göstərdiyi diqqətsizlik təəssüf doğurur. Cahangir Məlikov bildirir ki, artan çətinliklərlə bağlı sabiq idarə rəisi Şahin Şahbazovun qəbulunda olub, gələcək layihələr üçün dəstək istəyib, lakin müraciət cavabsız qalıb.

 “Fəaliyyətimizin ilk illərində hər şey öz axarı ilə gedirdi. Tamaşaçıların alqışları bizim üçün ən böyük motivasiya idi. Biləsuvar Mədəniyyət Mərkəzinin müdiri Şahin Ağayev imkan daxilində həmişə bizə dəstək olub,” – deyə Cahangir Məlikov bildirir.

Lakin son bir ildə münasibətlərin tamamilə dəyişməsi işə olan sevgisini tədricən söndürüb. Ən sarsıdıcı məqam isə Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi rəis müavininin dediyi “Sən nə iş görübsən ki…?” sözləri olub. Bu cümlə 20 illik fədakarlığın, zəhmətin və qurulan mədəni mühitin üzərindən bir anda xətt çəkib.


Bu sözlərdən sonra Cahangir Məlikov başa düşüb ki, yolun sonuna gəlib: “İllərdir qurduğum mədəniyyət mühitinin, yaratdığım tamaşaların, yüzlərlə gəncin səhnə sevgisinin dəyərsizləşdirildiyini hiss etdim və işdən ayrılmaq qərarına gəldim.”

Bu gün o, başqa sahədə çalışsa da, Biləsuvarda səhnəyə çıxan hər bir gəncin içində “Pəncərə”nin izi yaşamağa davam edir: “Yaradıcılıqla, fədakarlıqla qurulan bu mədəniyyət məktəbi rayonun tarixində silinməz yer tutub. ‘Pəncərə’ni sındırdılar, amma o pəncərədən Biləsuvarda mədəniyyətə düşən işıq hələ uzun illər sönməyəcək.”


P.S. Məsələ ilə bağlı Şirvan–Salyan Regional Mədəniyyət İdarəsinin mövqeyini öyrənməyə çalışdıq. İdarədən bildirildi ki, teatrın fəaliyyəti davamlı olacaq və müvəqqəti fasilələr texniki işlərlə bağlıdır.
Biləsuvar Mədəniyyət Mərkəzinin müdiri Şahin Ağayev isə qeyd etdi ki, “Pəncərə” teatr studiyası mərkəzin nəzdində fəaliyyət göstərən bədii özfəaliyyət dərnəyidir. Onun sözlərinə görə, Cahangir Məlikovun teatrın formalaşmasında mühüm xidməti var. O, əməkhaqqının az olması səbəbindən işindən ayrılıb. Hazırda teatr kollektivi yeni tamaşalar üzərində çalışır və yaxın günlərdə səhnəyə çıxmağı planlaşdırır.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan karvan