Çadr
» » Humanizm və əfv siyasəti


Humanizm və əfv siyasəti

18 dekabr 2025, Cümə axşamı
155
0


Azərbaycan müstəqillik illərində demokratik, hüquqi və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmış, bu siyasət real nəticələr vermişdir. Bu gün ölkədə vətəndaşların konstitusion hüquq və azadlıqlarından sərbəst istifadə etməsi üçün zəruri hüquqi və institusional baza formalaşdırılıb. Hüquqların qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri olmaqla, həyata keçirilən tədbirlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə müsbət qiymətləndirilir.


Humanizm prinsiplərinə əsaslanan əfv fərmanları və amnistiya aktları bu siyasətin mühüm tərkib hissəsidir. On minlərlə vətəndaşı əhatə edən bu qərarlar həm cəmiyyətə dövlətin humanist yanaşmasını nümayiş etdirir, həm də Azərbaycanın demokratik inkişaf yolunda atdığı əhəmiyyətli addımlar kimi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu yanaşma cəmiyyətdə sosial ədalət, barış və dövlətə inamın möhkəmlənməsinə xidmət edir, qarşılıqlı hörmət və qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətlərini gücləndirir.

Humanizm ideyası hər bir cəmiyyətin mənəvi sütunlarını formalaşdıran, insan hüquq və azadlıqlarını ali dəyər kimi qəbul edən universal prinsipdir. Dövlətin gücü yalnız iqtisadi və hərbi potensialla deyil, vətəndaşına münasibət və mərhəmətlə ölçülür. Bu baxımdan əfv fərmanları və amnistiya aktları dövlət-vətəndaş münasibətlərində humanizmin parlaq göstəricisidir. Cinayət törətmiş, lakin cəmiyyətə yenidən inteqrasiya olunmaq şansı qazanan şəxslərə ikinci şans verilməsi hüquqi dövlət anlayışının mühüm tərkib hissəsidir.

Müstəqillik illərində imzalanmış 71 əfv fərmanı ilə 10 162 məhkum azad olunub. Ümummilli Lider Heydər Əliyev (1995–2003) 32 əfv fərmanı və 7 amnistiya aktı, Prezident İlham Əliyev (2003–2025) 39 əfv fərmanı və 5 amnistiya aktı imzalayıb. Həmçinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul olunub. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən çox şəxsi əhatə edib. Yalnız 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan amnistiya 17 mindən çox vətəndaşı əhatə edib.

“Konstitusiya və Suverenlik İli” elan olunmuş 2025-ci ildə Prezident İlham Əliyevin amnistiya aktı təşəbbüsü əlamətdar hadisələrdən biridir. Dövlət başçısı humanizm və mərhəmət prinsiplərinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətə yenidən inteqrasiya edəcəyinə və ölkənin inkişafına töhfə verəcəyinə inanaraq 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsini irəli sürüb.


Ziya Qurbanov,

Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı






Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.