Çadr
» » Peşəsinə olan sonsuz sevgisidir Fidanı uğurlu yolda inamla addımladan…


Peşəsinə olan sonsuz sevgisidir Fidanı uğurlu yolda inamla addımladan…

20 dekabr 2025, Şənbə
192
0
O, Bakı şəhərində doğulub, boya-başa çatıb. Orta məktəbdə təhsil alarkən doğmaları ona başqa bir peşə seçməyi tövsiyə etsələr də, Fidan müəllim olmaq inadından geri çəkilmir. Bu seçim onun həyat yolunu müəyyənləşdirən ən doğru qərarlardan birinə çevrilir.

Haqqında danışacağımız Fidan Abbaslının həyatında tələbəlik illəri yeni bir həyat məktəbinin başlanğıcı olub. Dərslərində göstərdiyi fəallıq 2012-ci ildə qəbul olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetini müvəffəqiyyətlə bitirməsinə imkan verib. Artıq onun üçün ibtidai sinif müəllimi kimi çalışmağın zamanı çatmışdı.

Ali təhsilini başa vurduqdan sonra Bakıda müxtəlif kurslarda ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Fidan Abbas daim öz üzərində işləyib, peşəkar inkişafını davam etdirib. O, həm Azərbaycanda, həm də Türkiyədə ibtidai sinif sahəsinə dair müxtəlif təlim və kurslarda iştirak edərək sertifikatlar qazanıb. Lakin qarşıya qoyduğu əsas hədəfə – ümumtəhsil məktəbində müəllim kimi çalışmağa – hələ tam nail ola bilməmişdi.

Həyatda prinsipiallığı və məqsədinə çatmaq yolunda zəhmətdən çəkinməməsi onu irəli aparır. 2020-ci ildə müəllimlərin işə qəbulu imtahanında 60 baldan 51 bal toplayan Fidan Abbas, paytaxtda vakant yer olmadığından siyahıdakı məktəblər arasından Ovçubərə kənd tam orta məktəbində çalışmağa qərar verir. Valideynlərinin razılığı ilə doğmalarından uzaqda ilk əmək fəaliyyətinə başlayır.

Artıq 5 ildir ki, Ovçubərə kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışan Fidan Abbas ibtidai sinfə qəbul olunmuş bir sinfi tam şəkildə formalaşdıraraq, onu yüksək savad və möhkəm biliklə 5-ci sinfə hazırlayıb. Onun nəvazişli münasibəti, səbirli yanaşması və peşəkar bacarığı şagirdlərin təhsildə uğurlarının əsas açarına çevrilib. Bir vaxtlar ibtidai sinfin qapısından içəri ilk dəfə daxil olan şagirdlər bu gün Fidan Abbasın zəhməti sayəsində savadlı və inamlı şəkildə təhsillərini davam etdirir.. Onunla tanışlığımız yeni birincilərinin əhatəsində baş tutdu. Yenilikçi müəllim kimi Fidan Abbas şagirdlərinin oxu, yazı və riyazi məntiq bacarıqlarının inkişafına xüsusi diqqət yetirir, dərslərini müasir metodlar üzərində qurur.

F.Abbasın nümunəvi təhsil işçisi kimi bilik və bacarığı 2024-cü ildə sertifikasiya imtahanında topladığı 57 bal, 2025-ci il MİQ imtahanında isə əldə etdiyi 86,5 bal ilə bir daha təsdiqlənib.

Bəli, bu gün paytaxtdan uzaq bir kənddə şagirdlərə qucaq açan bir gənc xanım müəllim işinə eyni sevgi, eyni məsuliyyətlə yanaşır. O, dərslərində qazandığı bilik və bacarıqları uğurla tətbiq edir, şagird nailiyyətlərinin artmasına davamlı töhfə verir.

Bəzən böyük şəhərlərin gur işıqları deyil, ucqar kənd məktəblərinin səssiz sinif otaqları yetişdirir gələcəyin işığını. Fidan Abbas da məhz həmin işığı daşıyan müəllimlərdəndir. O, paytaxtın rahatlığını deyil, şərəfli olan müəllimlik yolunu seçdi. Təbaşirin səsi, uşaqların ilk oxu cəhdləri, ilk yazılan hərflər onun üçün sadəcə dərs deyil, bir ömürlük vəd, bir gələcək inamıdır.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.