Çadr
» » Ata sənətini yaşadan usta


Ata sənətini yaşadan usta

25 yanvar 2026, Bazar günü
167
0


Emalatxananın içində vaxt başqa cür axır. Burada saatı dəzgahın səsi ölçür, dəqiqələri isə dəmir yonqarları. Dəmir soyuqdur, deyirlər. Amma Röyal Dadaşovun əlində o, isinib formaya düşür, sanki can tapır. Çünki bu əllər ata mirası olan bir sənətin yaddaşını daşıyır.

1984-cü ilin fevralın 29-da Biləsuvarın Aranlı kəndində dünyaya gələn Röyal uşaqlıqdan zəhmətin nə olduğunu bilib. Hələ məktəb illərindən dəmirin qoxusu, yağın, metalın səsi ona yad olmayıb. Kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi Dəniz Qüvvələrində gəmidə tokar kimi çalışmaq isə onun xarakterini daha da möhkəmləndirib. Dalğaların üstündə, dəmir gövdəli gəmidə dəzgah arxasında dayanmaq – bu, həm səbir, həm də məsuliyyət məktəbi idi.
Bu gün artıq 25 ildir ki, Röyal usta eyni məkanda — keçmiş RTS emalatxanasında çalışır. Elə bil bu divarlar onu tanıyır, dəzgah onun nəfəsinə öyrəşib. Bura onun üçün sadəcə iş yeri deyil; bu, ömrünün, xatirələrinin, ata nəfəsinin qaldığı bir məkandır.
Tokarlıq sənətini ona atası, mərhum Əzizağa kişi öyrədib. Ailədə dörd övlad olsalar da, bu sənətə könül verən məhz Röyal olub. “7-ci sinifdə oxuyanda atam dedi ki, bu sənətə sahib çıx. O söz mənim üçün yol oldu”, – deyir. İlk vaxtlar çətinliklər az olmayıb. Dəmirin inadına dözmək, ölçünü səhvsiz tutmaq, səbrlə işləmək asan deyil. Amma o, yarımçıq qalmağı özünə yaraşdırmayıb.
Onun həyat yolunda bir işıq da məktəbdə yanıb. Ədəbiyyat müəllimi Vaqif müəllimin dediyi sözlər Röyalın yaddaşına həkk olunub: “Hansə peşəni seçirsinizsə, seçin, əsl sənətkar olun”. Bu fikir onun üçün təkcə nəsihət yox, həyat qaydası olub.
Bu gün Röyal usta dəzgah arxasında müxtəlif mexaniki detalları zərgər dəqiqliyi ilə hazırlayır. Emalatxanada onun əlləri boş dayanmır. Görüş zamanı üzərində işlədiyi detal traktorun qalovkası idi. Sahibi üçün yenisini almaq böyük xərc demək idi. Röyal usta isə başqa yol tapıb: kombayn qapaqlarını yonaraq köhnə mexanizmə uyğunlaşdırıb, dəmiri yenidən həyata qaytarıb.
“Texnika zəhmət adamının çörək ağacıdır. Mən çalışıram ki, mexanizatorlar artıq xərcə düşməsin”, – deyir. Bu sözlər onun peşə fəlsəfəsini açır: fayda vermək, yükü azaltmaq, işi yarımçıq qoymamaq.
Röyal Dadaşovun portretində səs-küy yoxdur. Burada səssiz zəhmət var, ata xatirəsinə sədaqət var, işinə hörmət var. O, dəmirə forma verə-verə bir ömrün mənasını yonur. Zaman dəyişir, texnika yenilənir, amma Röyal usta hələ də dəzgahın arxasındadır — ata sənətini yaşadaraq, zəhmətə can verərək.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.