Çadr
» » Salyan heyvan bazarında 10-a yaxın yeni xidmət bölməsi yaradılıb


Salyan heyvan bazarında 10-a yaxın yeni xidmət bölməsi yaradılıb

04 yanvar 2026, Bazar günü
326
0

Ölkə ərazisində mal-qarada qeydə alınan dabaq xəstəliyi səbəbindən bir müddət əvvəl bütün heyvan bazarlarının fəaliyyəti dayandırılmışdı. Xəstəliyin qarşısının alınması məqsədilə görülən bu tədbir Salyan heyvan bazarına da şamil olunmuşdu.

Bilesuvarinfo.az xəbər verir ki, artıq Salyan heyvan bazarı fəaliyyətini bərpa edib. Fasilə dövründən səmərəli istifadə edən bazar rəhbərliyi ərazidə genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparıb. Nəticədə bazarda 10-a yaxın yeni xidmət bölməsi yaradılıb.

Yeni bölmələrə kliniki baxış məntəqəsi, dezbaryer, yem anbarı, yeni doğulmuş heyvanlar üçün sahə, boğaz və balalı heyvanların müvəqqəti saxlanılması yerləri, iri və xırda buynuzlu heyvanların satış zonaları daxildir.

Bundan başqa, bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, giriş hissəsində baytarlıq nəzarəti üçün müvafiq şərait yaradılıb. Tullantıların yığılması və idarə olunması üçün ayrıca sahə ayrılıb, avtomobil dayanacağı salınıb, ərazidə yaşıllaşdırma işləri aparılıb.

Satıcı və alıcılar yaradılan şəraitdən razılıqlarını bildirirlər. Onların sözlərinə görə, əvvəlki illərlə müqayisədə bazarda həm təmizlik, həm də səliqə-sahman baxımından ciddi fərq hiss olunur və alver daha rahat şəraitdə həyata keçirilir.

Salyan heyvan bazarının baytar həkimi Mikayıl Rzayev bildirib ki, bazara gətirilən bütün iri və xırda buynuzlu heyvanlar ilkin olaraq kliniki baxışdan keçirilir. Müayinə zamanı şübhəli və ya xəstə heyvanlar aşkar edilərsə, onların bazara daxil olmasına icazə verilmir. Satış başa çatdıqdan sonra isə ərazidə mexaniki təmizləmə və dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, Salyan heyvan bazarı 2 hektar ərazini əhatə edir və eyni vaxtda 1000 baş heyvan qəbul etmək imkanına malikdir. Bazarda satışlar həftədə bir dəfə — çərşənbə günləri həyata keçirilir. Yenilənmiş bazar həm əhalinin gündəlik tələbatının ödənilməsinə, həm də bölgədə iqtisadi fəallığın artmasına töhfə verir.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.