Çadr
» » Dövlət qurumları gələcəyin texnologiyalarına hazırlanır: Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirildi


Dövlət qurumları gələcəyin texnologiyalarına hazırlanır: Biləsuvarda rəqəmsal savadlılıq təlimləri keçirildi

19 fevral 2026, Cümə axşamı
54
0

Azərbaycan Respublikasının Prezidenti **İlham Əliyev**in sədrliyi ilə ölkədə süni intellektin (Sİ) inkişafı və rəqəmsal transformasiyaya dair 11 fevral 2026-cı il tarixində keçirilmiş müşavirədən irəli gələn vəzifələrə uyğun olaraq Biləsuvar rayonunda dövlət idarəçiliyinin rəqəmsal transformasiyasını sürətləndirmək və kadr potensialını müasir standartlara uyğunlaşdırmaq məqsədilə rayonda fəaliyyət göstərən dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün genişmiqyaslı rəqəmsal savadlılıq təlimləri keçirilib.


Bilesuvarinfo xəbər verir ki, təlimlər Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency) birgə təşkilatçılığı ilə keçirilib. Təlimlərin rəsmi hissəsində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və İRİA-nın İnformasiya təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyahyayev rəqəmsallaşmanın müasir idarəetmədəki strateji rolunu vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, rəqəmsal keçid sadəcə texnoloji yenilik deyil, həm də vətəndaşlara göstərilən xidmətlərin şəffaflığı və operativliyinin təminatıdır.

Gün boyu davam edən intensiv proqram çərçivəsində iştirakçılar rəqəmsal dünyanın ən aktual istiqamətləri üzrə həm nəzəri, həm də praktik biliklərə yiyələniblər:

Süni İntellekt (Sİ) və Gündəlik İş Prosesləri adlı təlimdə **Milli Süni İntellekt Mərkəzi**nin süni intellekt üzrə məzmun yaradıcısı Mamed Qurbanov iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların analizində və vaxtın səmərəli idarə edilməsində necə tətbiq olunacağını əyani şəkildə nümayiş etdirib. Süni intellektin dövlət qulluqçusunun “rəqəmsal köməkçisinə” çevrilməsi yolları müzakirə olunub.

Kibertəhlükəsizlik və Məlumatların Mühafizəsi ilə əlaqədar təşkil olunan təlimdə **Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi**nin qrup rəhbəri Gülnar Mirhüseynova dövlət informasiya sistemlərinin kiberhücumlardan qorunması, “fayrvoll” sistemlərinin iş prinsipi və dövlət sirri daşıyan məlumatların rəqəmsal mühitdə təhlükəsiz saxlanılması üsulları barədə ətraflı danışıb.

Sosial Mühəndislik və Hücum Növləri ilə bağlı isə İnformasiya təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov tərəfindən müasir dünyada ən çox rast gəlinən manipulyasiya üsulları və sosial mühəndislik hücumlarından qorunma yolları izah edilib. “İnsan faktoru”nun kibertəhlükəsizlik zəncirindəki ən həssas bənd olduğu və fərdi ayıq-sayıqlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Bulud Texnologiyaları və Kollektiv İş adlı təlimdə isə Milli Süni İntellekt Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Xanım Hacıyeva tərəfindən ofis alətlərinin rəqəmsal versiyalarından istifadə etməklə eyni sənəd üzərində bir neçə şöbənin eyni vaxtda və koordinasiyalı şəkildə çalışmasının səmərəsi iştirakçılara aşılanıb.

Təlimin sonunda vurğulanıb ki, bu biliklər Biləsuvarda “Ağıllı idarəetmə” modelinin təməlini qoyur və kadrların rəqəmsal çevikliyini artıraraq idarəetmədə şəffaflığı təmin etməklə sənəd dövriyyəsinin daha sadə və səmərəli şəkildə həyata keçirilməsinə şərait yaradır.

İştirakçıların marağına səbəb olan tədbir müzakirələr və xatirə fotosunun çəkilişi ilə yekunlaşıb.


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.