Bu yollar onların ömrüdür
Yol təsərrüfatı görünən qədər sadə sahə deyil. Bu sahə məsuliyyət, dəqiqlik və fasiləsiz zəhmət tələb edir. Qışın şaxtasında, yayın istisində, bəzən gecə-gündüz demədən yolun hər metri üzərində çalışan insanlar var. Yol təsərrüfatına illərini verən, peşəsinə sədaqəti və zəhmətkeşliyi ilə seçilən bu insanlar çox vaxt görünmür, amma gördükləri iş hər kəsin yolunu açır. Bu yazı da yol salmaqla ömür verən, zəhməti ilə səssiz tarix yazan bir kollektivin — yol fədailərinin hekayəsidir.
Bu günlərdə Biləsuvar rayonu 45 saylı Yol İstismarı İdarəsində idarə rəisi Əlirahim Kazımovla görüşümüz maraqlı anlarla yadda qaldı. Söhbətimiz əsasən kollektivin yol infrastrukturunun qurulmasında göstərdiyi səylər ətrafında oldu. Ərrahim müəllim bildirdi ki, müstəqil dövlətimizin artan iqtisadi qüdrəti ölkəmizdə yol şəbəkəsinin genişləndirilməsinə, onun müasir standartlar səviyyəsində qurulmasına real imkanlar yaradır. Son illər idarəyə bir sıra mühüm layihələrin icrası tapşırılıb və bu işlərin hər birinin yüksək səviyyədə başa çatdırılması bu gün kollektiv üçün qürur mənbəyidir.
Ərrahim müəllimlə söhbətimizdən sonra ayrılarkən, yaxınlıqda iş başında olan mexanizatorlarla bizi tanış etdi. Onların fədakar əməyini və peşəkarlıqlarını xüsusi vurğuladı. Elə bu məqamda onlarla yaxından tanış olmaq, həyat və əmək yolları haqqında qeydlər aparmaq istəyimizi də anlayışla qarşıladı:“Bu insanlar haqqında yazmaq təqdirəlayiqdir."
İdarənin ən qocaman və təcrübəli qreyderisti Əli Polad oğlu Quliyevdir. Ömrünün 64-cü baharını yaşayan Əli usta düz 40 ildir ki, fasiləsiz olaraq el-obanın yoluna xidmət edir.
1963-cü ildə Biləsuvar rayonunda anadan olan Əli Quliyev Biləsuvar Texniki Peşə Məktəbinin sürücülük ixtisasını bitirib. Hərbi xidmətdən sonra yol-tikinti idarəsində 3 il buldozer idarə edib. Lakin onun ürəyində bir arzu vardı — qreyderçi olmaq. Bu sənətin sirlərini mərhum, təcrübəli Allahverdi ustadan mənimsəyən Əli sonradan digər tikinti idarəsində qreyderçi kimi fəaliyyətə başlayıb. Onun keçdiyi yollar bu gün də insanların rahatlığında danışır.
Onun həmkarı və sənətin sirlərini öyrətdiyi Şahverənov Səbuhi Rəhman oğlu 1971-ci ildə Aranlı kəndində anadan olub. Mexanizator ailəsində böyüyən Səbuhi hələ gənc yaşlarından texnikaya bağlı olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətini də sürücülük sahəsində keçib.
1999-cu ildən qreyder sürücüsü kimi çalışan Səbuhi deyir: “Yolun keyfiyyəti ən çox qreyderçinin bacarığından asılıdır. Relyefi düzgün oxumasan, yol danışmaz.”
Rayon və ölkə əhəmiyyətli yolların salınmasında fəal iştirak edən Səbuhi Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yol tikintisinə ezam olunub. İki övlad atasıdır. Yeganə oğlu Xəyal Azərbaycan Ordusunda zabit kimi xidmət edir, Vətən müharibəsi iştirakçısıdır.
Yol təsərrüfatında qreyder torpağı ölçüb-biçirsə, yük avtomobillərinin sükanı bu zəhmətin daşıyıcısına çevrilir. Çınqılın, asfaltın, materialın vaxtında və təhlükəsiz ünvana çatdırılması sürücülərin məsuliyyətindən asılıdır. Uzun məsafələr, ağır yüklər, çətin relyef — bütün bunlar sükan arxasında soyuqqanlılıq və peşəkarlıq tələb edir. Bu kollektivdə sürücülər təkcə maşın idarə etmir, görülən işin keyfiyyətinə, yolun taleyinə də cavabdehdirlər.
Sürücülərdən Ağayev İlqar Mirzəğa oğlu 1965-ci ildə Xırmandalı kəndində anadan olub. Mexanizator olmaq həvəsi onu texniki peşə liseyinə gətirib. Hərbi xidmətdən sonra 10 il süd zavodunda çalışıb, daha sonra fərdi işlərlə məşğul olub. 1999-cu ildən bu kollektivin üzvünə çevrilən İlqar əvvəlcə fəhlə kimi başlayıb, 2012-ci ildən idarənin qabaqcıl sürücülərindəndir.
“Mənim işim təkcə sükan arxasında olmaq deyil. Kollektivin işi irəli getsin deyə hər əziyyətə hazıram,” — deyir İlqar.
Əcəmov Qabil Dəmir oğlu 1968-ci ildə Biləsuvarda anadan olub. 1991-ci ildən əmək fəaliyyətinə RTS-də başlayıb. Uzun illər müxtəlif sahələrdə sürücü kimi çalışan Qabil artıq 15 ildir yol istismarı idarəsində çalışır. İdarə etdiyi “Tatra” yük avtomobilinə göz bəbəyi kimi baxır:
“Axı mənim çörəyim bu maşından çıxır,” — deyir.
Qarabağda — Zəngilan və Cəbrayıl istiqamətlərində yol tikintisində iştirak etməyi həyatının qürur səhifəsi sayır.
Həmidov Mehman Əlipənah oğlu 1977-ci ildə Biləsuvarın Cəylı kəndində doğulub. Peşə məktəbində traktorçu ixtisası alıb. 2007-ci ildən kollektivdə fəhlə kimi işə başlayıb, 2013-cü ildən yük avtomobili ilə yol çəkilişlərində fəal iştirak edir. Qubadlı, Zəngilan, Mincivan, Ağbənd yollarının salınmasında gördüyü işlər onun zəhmət salnaməsidir.
Yol salmaq təkcə irəliləmək deyil, bəzən geri qayıdıb torpağı yenidən yoğurmaqdır. Qreyder torpağı ölçür, sürücü yükü daşıyır, amma yolun son nəfəsini verən, onu hamarlaşdıran, səssizcə kamala çatdıran bir əl də var. Vərdənəci — yolun son sözü, zəhmətin son imzasıdır.
Bu işin ustası Əsmətov Əzizalı Nonruzəli oğludur. 1964-cü ildə Əsgərabad kəndində fəhlə ailəsində anadan olub. Deyir ki, halal zəhmət anlayışını hələ uşaq yaşlarından atasından öyrənib. 2001-ci ildən bu idarədə çalışır, 2005-ci ildən vərdənəci kimi fəaliyyət göstərir. 5 övlad atasıdır.
Bu yol hekayəsində hər kəs öz yerindədir. Amma bir halqa var ki, görünməsə də, bütün zənciri bir yerdə saxlayır. Alət vaxtında çatmayanda iş dayanır, material gecikəndə zəhmət yarımçıq qalır. Təchizatçı məhz bu səssiz məsuliyyətin daşıyıcısıdır.
Camal Höccətli artıq 10 ildir ki, idarədə təchizatçı kimi çalışır. Təmkinli davranışı, işinə məsuliyyətli yanaşması ilə kollektivin hörmətini qazanıb.
Bu kollektivin gücü texnikada deyil — insandadır. Bu insanlar yol çəkərkən təkcə torpaq düzləndirmir, həm də dövlətə xidmətin, halal zəhmətin yolunu salırlar.
Qələmə aldı: Surxay Şahbazov




Həmçinin oxuyun:
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.








Türkiyə
Pakistan
İsrail
Azərbaycan