» » Hacı Seyid Mir Taha işığında - VİDEO


Hacı Seyid Mir Taha işığında - VİDEO

Elə insanlar var ki, ömür boyu ömürlərə işıq,nur seli daşıyırlar. Elə ömürlərdə, saralıb, solmayan xatirələrdə də işıq, nur heykəli, alovu, odu səngiməyən, sönməyən ocaq kimi yaşayırlar.

Dördüncü İmam Zeynal Abidin Əleyhissalamın nəslindən olan görkəmli din xadimi Hacı Seyid Mir Taha ağa da nəsillərə nümunə olacaq belə nadir müqəddəs insanlardan biri idi. Taleyi, tərcümeyi-halı, ömür yolu, nəsli-nəcabəti, əsrlərin o üzündən boy verən şəcərəsiylə qaya üstə bitmiş minillik palıda bənzəyən Hacı Seyid Mir Taha ağa 1934-cü ildə, bəzi məlumatlara görə isə 1927-ci ildə Yardımlı rayonunun Perimbel kəndində doğulmuşdu. Uşaqlıqdan fəhmi, qeyri-adi düşüncə tərzi, gözü-könlü toxluğu, nəcibliyi, alicənablığı ilə seçilən balaca Mir Tahanın qəlbi Allah eşqiylə döyünmüş, "bismillah" dilinin nidası, "Əlhəmdülillah" nöqtəsi olmuşdu.

Axund Molla Hüseynin ən istedadlı, parlaq zəkalı tələbələrindən olan Mir Taha ağa 1952-ci il aprelin 18-də islami dəyərlərin təbliğinə görə 5 il həbs cəzasına məhkum edilən, şaxtalı, qarlı, buzlu İrkutsk vilayətinə sürgün olunan müəlliminin keçdiyi əzablı, məşəqqətli yollardan xəbərdar idi.

Sovet imperiyasının "qan-qan" dediyi bir vaxtda Axund Molla Hüseynin məktəbində dərs almağın necə bir riskli iş olduğunu bilsə də, gizlicə dərslərə gedir, Quranın incəliklərini öyrənir, öyrəndikcə gözləri qarşısında dünyanın bütün sirləri, möcüzələri, gizlinləri açılırdı.

Əqidəsindən, inamından, məsləkindən, dinindən, imanından dönməyən mərd, qeyrətli Perimbel əhalisinin, bütövlükdə Hacı Seyid Mir Taha ağanın da daxil olduğu Seyidlər nəslinin, bir tərəfində gün çıxan, o biri tərəfində günbatan nəhəng Sovet imperiyasına qarşı çıxması, onun dəmir qayda-qanunlarına tabe olmaması heyrət doğurur. Biz belə şeyləri nağıllarda, dastanlarda, əfsanələrdə oxumuşuq. Perimbel, Perimbel sakinləri haqqında eşitdiklərim, oxuduqlarım, gördüklərim məni həqiqətən heyrətə gətirib, qəlbimdəki suallar yüz yerə haçalanıb, parçalanıb.

Dünyanın hansı ölkəsində dövlətə tabe olmadıqları üçün bir kənd əhalisini "arzuolunmaz" damğasıyla başqa əraziyə köçürüblər? Aran yerində uzaqdan başı qarlı dağlarına, yetim qalmış bulaqlarına, çırağı keçmiş evlərinə, ot basmış cığırlarına baxa-baxa qocalan, bu dünyadan köçən, arzusu gözündə qalan Perimbellilər... İllərlə yolu bağlı, qolu bağlı qalan Perimbellilər...

Ailəsi ilə birlikdə əvvəl Salyana köçürülən, sonra gizli şəkildə Biləsuvar rayonunun Bəydili kəndində məskunlaşan Hacı Seyid Mir Taha ağa təkcə bir elin, bir obanın yox, bütövlükdə Cənub bölgəsinin and yerinə, ocaq yerinə çevrildi. Darda qalanlara, çarəsizlərə ümid, təsəlli, nicat verdi. Ağanın xeyir-duasıyla neçə-neçə cavanlar xoşbəxt oldu, oğul-uşaq yiyəsi oldu. İllərin küsülüləri barışdı, yetim-yesir ahı yerdə qalmadı. Qarabağadöyüşə gedənlər ağanın əlində tutduğu müqəddəs Quranın altından keçdilər. Üçrəngli, ay-ulduzlu bayrağımızı öpüb gözləri üstünə qoydular: "Biz bu yoldan dönər olsaq, namus bizə ar olsun", - deyib sevgili vətən yolunda şəhid oldular.

Hacı Seyid Mir Taha ağanın dərin islamı biliyi, zəngin mütaliəsi, hər şeyi sövqi-təbii duyması - öncəgörmə duyğusu, muğamlarımızdan qaynaqlanan möhtəşəm səsi, avazı, qədimlərdən gələn sehrli oxusu Quran ayələrini dinləyənləri heyran edirdi.

Bu, ilahidən gələn qeyri-adi güc idi.

 İnsanlıq xəzinəsi olan Mir Taha ağa məclislər yaraşığı idi. İnsanlar onu saatlarla dinləməkdən yorulmaz, ünvanına dualar, alqışlar yağdırardılar. Ağanın qapısı el yolu idi. Naümid gələnlər gözü-könlü işıqla, nurla dolu qayıdardılar.

Milli-əxlaqi, tarixi-mədəni və dini dəyərlərə dərin hörmət bəsləyən Hacı Seyid Mir Taha ağa həm də bu dəyərlərin böyük təbliğatçısıydı. Yetişdirdiyi neçə-neçə tələbəsi bu gün dinimizin, müqəddəs Quranın dərindən öyrənilməsinə, sağlam şəkildə mənimsənilməsinə səy göstərirlər.

Mir Taha ağanı yaxından tanıyanların ağa haqqında duyğu və düşüncələri düşünürəm ki, oxucular üçün də maraqlıdır.

Musa Mirtəhməz oğlu Məmmədov: "Hacının tabiət qanunlarına dərindən bələd olması və "Qurani-Kərim"in təfsirində bunlardan bacarıqla istifadə etməsi dərin təhsil görmüş dinləyicilərdə Allaha və qiyamət gününə inamı daha da gücləndirir, Hacıya olan hörmət və məhəbbəti artırırdı".

Mir Zəkulla: "Mir Taha ağa xeyirxahlıq, paklıq, yaxşılıq mücəssəməsi idi. Söhrab Tahir bu misraları elə bil ağa haqqında deyib:
Səadətdən, səxavətdən ucadır,
Yer üzündə bəşər kimi qocadır.
Dünya boyda, ancaq üçcə hecadır:
İnsan gedər, adı qalar, yaxşılıq,
Gedənləri yada salar yaxşılıq"
.

Seyid Hüseyn ağa Həmzəyev: "Mir Taha ağanın adı ömrüm boyu mənim qoruyucum olub. Sıxıntı çəkdiyun anlarda ağa qolumdan tutub, məni ayağa qaldırıb. Ağanın hər sözü, duası insanlar üçün bir məlhəm, sönməz, tükənməz ruh olub".

Mir Mahmud Mirəli oğlu Fəttayev: "Hacı Seyid Mir Taha ağa nur içində nur olan bir insan idi. Sovet dövründə o, ən böyük missiyanı - dinimizi qorumaq, təbliğ etmək missiyasını ləyaqətlə həyata keçirib. Şərəflə, namusla yaşayıb. Dürüstlük, halallıq simvolu olub. Bu gün uca məqbərəsi ziyarət yerinə çevrilən ağanın adı dunya durduqca yaşayacaq. Bundan uca məqam varmı?"

Kərbəlayi Əliqismət Mirzəyev: "Ağa müdrik müəllim kimi hər bir hərəkətiylə bu qarmaqarışıq dünyada yolunu, yolağasını itirmişlərə həyat dərsi verirdi. Ən yonulmamış, ipə-ülgüyə gəlməyən adam belə Mir Taha ağanın yanında özünü yığışdırırdı. Təkcə yaşadığı kənddə, rayonda deyil, respublikanın hər yerində ağanı tanıyırdılar, ziyarətinə gəlirdilər. O, çoxları üçün ümid yeri, ərk yeri idi. Haqq, ədalət naminə, hətta uşağın ayağına belə getməyə hazır idi. Çünki o, Seyid, peyğəmbər övladı idi, müqəddəslərin sönməyən şöləsi idi".

Kürəyini yastığa söykəmiş, damarları çıxmış möcüzəli, əllərini ulu tanrı dərgahına qaldırmış Səlamət Biləsuvarlının bu sözlərində böyük həqiqət var: "Ömrü boyu haqq dedi, haqqa söykəndi ağa. Hamının tapındığı, ürək qızdırdığı bir ocağa, uca, əyilməz bir daga çevrildi ".
Qəbrin nurla dolsun, ağa!

Zülfüqar ŞAHSEVƏNLİ


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR