Biləsuvardan Berkliyə: Bir əzmkarlıq hekayəsi
Hər bir cəmiyyətin gələcəyi onun yetişdirdiyi gənclərin əlindədir. Lakin bəzən bir nəfərin hekayəsi o qədər aydın danışır ki, onu oxuyanda insan özünü yenidən sorğulamağa başlayır: mən nə etdim? Mən necə çalışdım? Toğrul Fədail oğlu Quluzadənin həyat yolu məhz belə bir hekayədir-sadə, lakin dərin. 2004-cü ilin aprel günlərinin birində Biləsuvar şəhərində dünyaya gələn bu gənc uşaqlıq illərindən fərqli bir xarakter daşıyırdı. Biliyə olan marağı, məsuliyyət hissi və intizamı onu yaşıdlarından erkən ayıran keyfiyyətlər idi. 2010-cu ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbə addım atan Toğrul qısa müddətdə müəllimlərinin diqqətini çəkdi. Dərslərə yanaşması, suallarının dərinliyi, düşüncə tərzinin kəskinliyi- bunlar adi bir şagirdin deyil, gələcəyini ciddi qurmaq istəyən birinin əlamətləri idi.
2016-cı ildə Milli Qəhrəman Mübariz İbrahimov adına liseyin qapıları ona açıldı. Bu keçid təkcə məktəb dəyişikliyi deyildi- düşüncənin cilalandığı, xarakterin yetişdiyi yeni bir mühitə addım idi. O illərdə Toğrul hüquq və dövlət idarəçiliyi sahəsini özünə yol seçdi. Bu seçim hissi ilə deyil, dərin düşüncə ilə edilmişdi.
2021-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə başa vuran Toğrul ali məktəb qəbul imtahanında 638.7 bal topladı. Bu rəqəmin arxasında nə qədər gecənin gündüzə qatıldığını, nə qədər fədakarlığın göstərildiyini yalnız özü bilir. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə qəbul olunması Biləsuvar ictimaiyyətini sevinclə doldurdu. Çünki bu, bir ailənin deyil, bütöv bir şəhərin qüruruna çevrilən xəbər idi.
Tələbəlik illərini passiv keçirmədi. Auditoriya sıralarında oturmaqla kifayətlənməyən Toğrul elmi araşdırmalarla maraqlandı, beynəlxalq hüquq sistemlərini öyrəndi, xarici təcrübəni izlədi. Biliyə olan həvəsi diplomla deyil, anlayışla ölçülürdü. 2025-ci ildə Akademiyanın Hüquq fakültəsini qırmızı diplomla bitirməsi onun bu yolda göstərdiyi əzmkarlığın məntiqi nəticəsi oldu. Lakin Toğrul üçün bu son nöqtə yox, yeni bir cümlənin başlanğıcı idi.
Eyni ildə iki istiqamətdə birden addım atdı. Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramına qəbul olunaraq idarəetmə və strateji düşüncə sahəsini də biliyinə qatdı. Lakin daha böyük xəbər hələ gəlirdi. Xaricə müraciətlərinin nəticəsi olaraq dünyanın iki nüfuzlu universitetindən qəbul məktubu aldı. Avstraliyanın Sidney Universiteti ona "Master of Public Policy" proqramının qapılarını açdı. Amerika Birləşmiş Ştatlarının Kaliforniya Universiteti- Berkli isə onu hüquq üzrə LL.M proqramına qəbul etdi. Bu iki ad yalnız prestij deyil- onlar onilliklər boyu dünyanın ən parlaq zəkalarını bir araya toplayan ocaqlardır.
Biləsuvarda doğulan bir gəncin bu ocaqlara gedən yolu açması- bu, nə şans, nə də təsadüfdür. Bu, coğrafiyanın taleyə çevrilmədiyinin, əzmkarlığın isə hər maneəni aşdığının canlı sübutudur. Toğrul Quluzadənin hekayəsi bu gün məktəb partalarında, kitabların arxasında gecəni gündüzə qatan hər azərbaycanlı gənc üçün bir işıqdır. Onun yolu deyir ki: harada doğulduğun deyil, nə üçün çalışdığın sənin taleyini müəyyən edir.
Belə gənclər Azərbaycanın sabahıdır. Toğrul Quluzadənin bundan sonra da daha böyük zirvələr fəth edəcəyinə inanırıq. Çünki belə əzmlər-yarı yolda dayanmağı bilmir.




Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan