Yusifəli Həsən oğlu Kamranovu Biləsuvarda orta və yaşlı nəsil arasında tanımayan az adam tapılar. Kimdən soruşsan: O, əsl ziyalı idi - deyəcək!.
Mənim üçün də o, kamillik zirvəsinə ucalmış yüksək ziyalı, müəllimlər müəllimi, müdrik insan idi. Aramızda xeyli yaş fərqi olsa da, sıx dostluğumuz, müntəzəm görüşlərimiz, şirin söhbətlərimiz olardı.
Son dərəcədə maraqlı həmsöhbət olan Yusifəli müəllimlə hər görüş bir xatirə idi. Xüsusilə mənalı ömrünün sonlarına yaxın, sərbəst hərəkətlərindəki çətinliklər üzündən evdə yatanda belə, görüşlərimiz daha tez-tez olurdu. Bu görüşlərimizin hər biri mənə unudulmaz anlar yaşadırdı. Xəstəykən belə, Yusifəli müəllim aydın düşüncə tərzi, səlis danışığı, möhtəşəm yaddaşı ilə adamı heyran qoyur, onun söhbətlərindən doymaq olmurdu.
Yusifəli Kamranov keşməkeşli bir həyat yaşamışdı. Onun yeniyetməlik illəri qanlı – qadalı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Müharibədən azacıq sonra, əlinə jurnal götürüb sinifə girəndən çəkdiyi ağrı – acılar nisbətən azalmışdı. Erkən müəllimlik fəaliyyəti onun gələcək ömür yoluna işıq salmış, işləyə - işləyə ali pedaqoji təhsil alaraq, bütün qüvvəsi ilə Biləsuvarın ümumtəhsil məktəblərində pedoqoji fəaliyyətini davam etdirmişdi.
Geniş erudusiyası, pedoqoji məharəti ilə Yusifəli müəllim çalışdığı bütün kollektivlərdə müəllim yoldaşlarının dərin hörmətini qazanmış, şagirdlərinin xatirəsində silinməz xoş izlər qoymuşdur. Sıravi müəllimlikdən başlanan əmək yolu onu Təhsil şöbəsinin müdiri vəzifəsinədək yüksəltmişdi.
Yusifəli müəllim yaxşı natiq, söz ustası idi. Söhbət etdiyi adamı inandırmağı bacarırdı. İstənilən mövzuda başlanan söhbəti, diskussiyaları, həyatı və elmi misalları ilə elə zənginləşdirirdi ki, ən güclü mütaliəsi olan həmsöhbətlərini belə mat qoyurdu.
Bu müdrik şəxsiyyətdə Uca tanrının insan övladına rəva bildiyi bütün müsbət keyfiyyətlər - xoş sima, dərin zəka, xeyirxahlıq, nəciblik, istiqanlıq cəmləşmişdi. Onu yaşadan, hamıya sevdirən də, elə bu keyfiyyətlər idi.
Yusifəli müəllimin ən böyük sərvəti isə, şübhəsiz, cəmiyyətdə öz layiqli yerlərini tutmuş övladlarıdır. Böyük oğlu Tofiq respublikamızın müxtəlif orqanlarında məsul vəzifələrdə çalışıb. Dünyasını dəyişən Afiq tibb elmləri namizədi idi. Namiq şərəfli diplomatiya sahəsini seçib. Sona ali məktəbdə pedoqoji fəaliyyətlə məşquldur. Sevda tanınmış nevropotoloq, Rədifə müəllimə, sonbeşiklər – Cabir və Gültəkin isə artıq ali təhsilli müətəxəssislər kimi ömür yollarını müəyyənləşdiriblər.
Ömrünün müdriklik çağında dünyasını dəyişmiş Yusifəli müəllim haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Yaxşı insanların itgisi hər zaman ağır olur.. . Amma, nə yaxşı ki, bu müdrik ziyalı insanı dostlarının, onu tanıyanların qəlbində yaşadan şirin xatirələr var.
Yadıma, həmişə ehtiramla xatırladığım dostuma vaxtı ilə həsr etdiyim misralar düşür:
Mənalı bir ömür sən yaşamısan,
Hədər getməyibdir sənin zəhmətin.
Çiynində çox ağır yük daşımısan,
Fədəkar oğlusan sən bu millətin.
Gözəl övladlardır – Tanrının payı,
Tofiq, Afiq, Namiq – dayağın sənin.
Cabirin dünyada varmı heç tayı,
Həmişə gur yansın ocağın sənin.
Sona, Sevda sənə bacıdır - bacı,
Rədifə ömrünə şamtək yanandır.
Gültəkin evinin bəzəyi – tacı,
İnsandan yaxşı ad, əməl qalandı.
Mirzə Müşfiq,
AJB - nin üzvü
- 20 iyul, 02:33
- 3 146 dəfə oxunub
- 0