Sentyabr ayının 21-də ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı Biləsuvar rayonun Xırmandalı kəndindən olan şəhid Teymurov Rəsul Yusif oğlu, Təzəkənd kəndindən olan şəhid Zeynallı Rəşid Mədət oğlu və Biləsuvar şəhərindən olan şəhid Məmmədov Azər Sulduz oğlunun ildönümündə xatirələri ehtiramla anılıb.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin general mayoru Sərdar Səfərov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri şəhidlərin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin ruhuna dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş şəhid Teymurov Rəsul Yusif oğlu 1 yanvar 1997-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil almışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Xırmandalı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Teymurov Rəsul Yusif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun Komando qüvvələrinin giziri olmuş şəhid Zeynallı Rəşid Mədəd oğlu 4 fevral 2000-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Ruslan Şirinov adına Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2020-ci ilin avqust ayından müddətdən artıq həqiqi hərbi xidmətə başlamışdır. 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarına qarşı qəhrəmancasına vuruşmuşdur. 44 günlük Zəfərdən sonra Türkiyə Cumhuriyətində Kara Küvvetləri Komando okulunda təhsil almışdır. Geri qayıtdıqdan sonra Gizir hərbi rütbəsində Komando hərbi hissəsində xidmətə başlamışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Təzəkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Zeynallı Rəşid Mədəd oğlu Vətən müharibəsində göstərdiyi şücaətlərinə görə “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXHQ olmuş Məmmədov Azər Sulduz oğlu 9 yanvar 1990-cı ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Ə.Eynullayev adına Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Azər Sulduz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib. Şəhid Azər Məmmədov ailəli olub 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir.
Allah şəhidlərimizə rəhmət eləsin!