Biləsuvarda Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib
Biləsuvarda 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.“Bilesuvarinfo” xəbər verir ki, Zəfər Gününün qeyd olunması çərçivəsində rayonda ağacəkmə aksiyaları, vətənpərvərlik mövzusunda teatr tamaşası, rəsm sərgisi və gənclərlə görüşlər təşkil olunub. Keçirilən tədbirlərin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini bir daha vurğulamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və Zəfər tariximizin təbliğinə töhfə vermək olub.
Zəfər Günü münasibətilə Biləsuvar şəhərində yerləşən “Vətən” və “Zəfər” parklarının ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Masdar Azərbaycan” MMC-nin direktoru Murad Sadıxov, tikinti işlərində iştirak edən Çin Respublikasının podratçı şirkəti “NWEPDİ.AZ” LLC-nin direktoru Du Ning, şirkətlərin əməkdaşları və Biləsuvar Kommunal Müəssisələr Kombinatının kollektivi iştirak ediblər.
Rayon mərkəzi ilə yanaşı, ayrı-ayrı kəndlərdə də davam etdirilən bu nəcib aksiyalar çərçivəsində ümumilikdə 3000 ədəd müxtəlif növ ağacın əkilməsi və onlara aqrotexniki qaydada qulluq göstərilməsi nəzərdə tutulub.
Zəfər Gününə həsr olunmuş tədbirlər çərçivəsində Biləsuvar Rayon Gənclər Evində yazıçı-dramaturq Hüseynbala Mirələmovun qələmə aldığı, Lənkəran Dövlət Dram Teatrının hazırladığı “Nəfəsim Vətən” tamaşası nümayiş etdirilib.
Tamaşanı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri izləyiblər.
Böyük Zəfərimizin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ithaf olunan tamaşada Vətən sevgisi, torpaq həsrəti, xalqımızın mübarizə əzmi və tarixi Qələbəyə aparan qəhrəmanlıq yolu bədii şəkildə əks etdirilib.
Bununla yanaşı, Biləsuvar Gənclər Evi, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektoru, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektoru və Biləsuvar Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Tarixə İmza: Zəfər Günü” mövzusunda rəsm sərgisi keçirilib.
Tədbir çərçivəsində Vətən müharibəsi qaziləri və veteranları ilə gənclərin görüşü də təşkil olunub. Görüş zamanı iştirakçılara 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və həmrəyliyi, tarixi Qələbənin əldə olunmasında şəhid və qazilərimizin misilsiz xidmətləri barədə məlumat verilib.
Qeyd edək ki, Biləsuvarda Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər xalqımızın qəhrəmanlıq tarixinin yaşadılması, Vətən müharibəsində əldə edilən tarixi Qələbənin gənc nəslə aşılanması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.










Müzakirə edin
Həmçinin oxuyun:
04 noyabr 2026, Çərşənbə
8 Noyabr - Şuşa Şəhəri Günü Zəfərimizin rəmzi, milli qürurumuzun təntənəsi günüdür - ŞƏRH
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan