8 Noyabr - Şuşa Şəhəri Günü Zəfərimizin rəmzi, milli qürurumuzun təntənəsi günüdür - ŞƏRH
8 Noyabr- Şuşa Şəhəri Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərin, milli iradənin, sarsılmaz dövlətçilik əzminin və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu tarix yalnız bir şəhərin işğaldan azad edildiyi gün deyil, həm də Azərbaycan xalqının öz tarixi torpaqlarına, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə sahib çıxmaq əzminin bütün dünyaya nümayiş etdirildiyi gündür.Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, əsrlər boyu milli ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin və ictimai-siyasi fikir tariximizin mühüm mərkəzlərindən biri olmuş Şuşa hər bir azərbaycanlı üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Şuşa şəhəri Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və mənəvi bütövlüyünün ayrılmaz hissəsidir. Məhz buna görə də Şuşanın işğalı xalqımızın yaddaşında ağır bir faciə, azad edilməsi isə misilsiz tarixi hadisə kimi yaşayır.
Azərbaycan xalqı heç zaman Şuşanın işğalı ilə barışmadı. Dövlətimizin ərazi bütövlüyünün bərpası, işğal altındakı torpaqlarımızın azad edilməsi hər zaman milli ideyanın əsas istiqamətlərindən biri oldu. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının və dövlətinin bu tarixi məqsədinə çatmaq istiqamətində dönüş nöqtəsi oldu. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı bir-birinin ardınca azad edərək düşmən üzərində tarixi qələbə qazandı. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin ən mühüm hərbi-strateji və siyasi hadisələrindən birinə çevrildi. Mürəkkəb relyefə, sıldırım qayalara və çətin keçidlərə baxmayaraq, Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı nəticəsində şəhər düşməndən təmizləndi. Şuşa əməliyyatı hərb tariximizə xüsusi peşəkarlıq, cəsarət və fədakarlıq nümunəsi kimi daxil oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində səsləndirdiyi fikirlər həmin tarixi anın siyasi və mənəvi mahiyyətini bütün dolğunluğu ilə ifadə edirdi:-“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci ilin noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolu vardır və bu gün biz bunu döyüş meydanında sübut etdik”. Bu bəyanat Azərbaycan dövlətinin qətiyyətini, xalqımızın mübarizə əzmini və beynəlxalq ictimaiyyətə verilən mühüm siyasi mesajı özündə əks etdirirdi.
Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi məğlubiyyətini sürətləndirdi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müharibənin başa çatmasına aparan həlledici mərhələ oldu. 8 Noyabrın Azərbaycan tarixində Zəfər Günü kimi əbədiləşdirilməsi, Şuşanın azad edildiyi günün isə Şuşa Şəhəri Günü elan olunması bu tarixi hadisənin dövlətçilik yaddaşımızdakı yerini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il yanvarın 5-də imzaladığı Sərəncamla həmin ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi şəhərin tarixi, mədəni və mənəvi əhəmiyyətinə verilən yüksək dövlət qiymətinin ifadəsi idi. “Şuşa İli” çərçivəsində həyata keçirilən tədbirlər şəhərin tarixi irsinin tanıdılması, mədəniyyətinin təbliği, tarixi şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi və Şuşanın beynəlxalq miqyasda tanıdılması baxımından mühüm əhəmiyyət daşıdı. Bu təşəbbüsün mahiyyəti yalnız yubiley tədbirləri və mədəni proqramların təşkili ilə məhdudlaşmırdı. Əsas məqsəd Şuşanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu tarixi faktlar, mədəni irs və müasir quruculuq nümunələri ilə bir daha nümayiş etdirmək idi. Sonrakı illərdə Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi bu siyasətin beynəlxalq səviyyədə uğurlu nəticələrindən biri oldu.
Şuşanın azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri şəhərin yenidən qurulması, dağıdılmış infrastrukturun bərpası, tarixi-mədəni irsin qorunması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi idi. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən qısa müddət ərzində genişmiqyaslı layihələrin icrasına başlanıldı. Şuşanın Baş planı hazırlandı, avtomobil yolları, elektrik, su və kommunikasiya infrastrukturu yenidən quruldu, sosial və ictimai obyektlərin tikintisinə start verildi. Prezident İlham Əliyevin Şuşaya mütəmadi səfərləri, yeni layihələrin təməlinin qoyulmasında və açılış mərasimlərində iştirakı şəhərin bərpasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nümayiş etdirir.
Bu gün Şuşada həyata keçirilən layihələr şəhərin bütün sahələr üzrə inkişafını əhatə edir. Zəfər yolu, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, sutəmizləyici qurğular kompleksi, yaşayış kompleksləri, məktəb, Dövlət Xidmətləri Mərkəzi, Bayraq Meydanı və Müalicə-Sağlamlıq Mərkəzi şəhərin müasir infrastrukturunun formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, tarixi və dini abidələrin bərpası xüsusi diqqət mərkəzindədir. Aşağı Gövhər Ağa məscidinin, Çöl Qala məscidinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin və digər tarixi-mədəni obyektlərin bərpası milli irsimizin qorunması istiqamətində mühüm addımlardır. Şuşada yeni yaşayış komplekslərinin inşası, sosial xidmətlərin yaradılması, abadlıq və yaşıllaşdırma işləri şəhərin müasir şəhərsalma prinsipləri əsasında inkişafına xidmət edir. Yeni Şuşa məscidinin inşası isə öz memarlıq xüsusiyyətləri və rəmzi mənası ilə şəhərin yeni simvollarından birinə çevrilməkdədir.
Bütün bunlar onu göstərir ki, Şuşanın bərpası sadəcə dağıdılmış tikililərin yenidən qurulması deyil. Bu, tarixi şəhərin özünəməxsus memarlıq üslubunun, milli ruhunun və mədəni mühitinin qorunması ilə müasir inkişafın uzlaşdırılması prosesidir. Şuşanın dirçəlişində mühüm mərhələlərdən biri də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışıdır. 2024-cü il mayın 11-dən etibarən Şuşaya keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması şəhərin yenidən canlı yaşayış məkanına çevrilməsinin başlanğıcı oldu. Çünki şəhərin əsl dirçəlişi yalnız yeni binaların tikilməsi ilə deyil, burada insanların yaşaması, işləməsi, ailə qurması, övladlarını böyütməsi və şəhərin gündəlik həyatının bərpası ilə mümkündür.
Son illərdə Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi onun siyasi, diplomatik və mədəni əhəmiyyətini daha da artırıb. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən təşkil olunması Şuşanın tarixi mədəniyyət mərkəzi kimi əvvəlki mövqeyinin bərpasına xidmət edir. Bu tədbirlər Azərbaycanın zəngin musiqi və ədəbiyyat irsinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı, Şuşa Qlobal Media Forumları, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və digər mötəbər tədbirlər şəhərin beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verir. Bu tədbirlər Şuşanı yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının, İslam mədəniyyətinin və beynəlxalq əməkdaşlığın mühüm mərkəzlərindən biri kimi tanıdır. Xüsusilə, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi şəhərin regional və beynəlxalq siyasi əhəmiyyətini bir daha nümayiş etdirdi.
2026-cı ildə Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi isə şəhərin beynəlxalq tanıdılması və turizm potensialının inkişafı baxımından yeni imkanlar açır. Bu qərar Şuşanın zəngin tarixi, mədəni irsi, təbii gözəllikləri və turizm imkanlarına beynəlxalq səviyyədə göstərilən diqqətin ifadəsidir. 2026-cı ilin iyul ayında IV Şuşa Qlobal Media Forumunun keçirilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən media nümayəndələrinin iştirak etdiyi Forum Şuşanın dünya ictimaiyyətinə tanıdılması, qlobal informasiya məkanında Azərbaycanın mövqeyinin çatdırılması və beynəlxalq dialoqun genişləndirilməsi üçün mühüm platformadır. Vaxtilə işğalın və dağıntıların simvoluna çevrilmiş Şuşa bu gün sülhün, quruculuğun, mədəniyyətin və beynəlxalq əməkdaşlığın ünvanı kimi tanınır.
Şuşanın gələcək inkişafı Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi potensialının reallaşdırılması strategiyasının mühüm tərkib hissəsidir. Şəhərin tarixi və coğrafi xüsusiyyətləri onun çoxşaxəli inkişafı üçün geniş imkanlar yaradır. İlk növbədə, Şuşanın turizm potensialının artırılması mühüm istiqamətlərdən biridir. Tarixi-memarlıq abidələri, muzeylər, mədəniyyət ocaqları, Cıdır düzü, İsa bulağı, təbii landşaftı və zəngin mətbəxi şəhərin yerli və xarici turistlər üçün cəlbediciliyini artırır. Bu potensialdan səmərəli istifadə Şuşanın iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın genişlənməsinə şərait yaradacaq. Şuşanın musiqi, poeziya, teatr və incəsənət ənənələrinin bərpası, beynəlxalq festivalların və konfransların davamlı təşkili şəhərin dünya mədəniyyət xəritəsində mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, müasir təhsil, səhiyyə və sosial xidmət infrastrukturunun inkişafı, rəqəmsal texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunması və şəhərin tarixi memarlıq simasının saxlanılması gələcək inkişafın əsas prioritetləridir. Şuşanın inkişafında yerli əhalinin iqtisadi və ictimai həyata fəal cəlb edilməsinin də böyük əhəmiyyəti vardır. Şəhərin davamlı inkişafı üçün burada yaşayan insanların rifahının yüksəldilməsi, məşğulluq imkanlarının genişləndirilməsi, kiçik və orta sahibkarlığın təşviqi Şuşanın yüksək inkişaf perespektivlərinin əsasını təşkil edir. Artıq əminliklə demək olar ki, Şuşa gələcəkdə Azərbaycanın ən mühüm mədəniyyət, turizm, təhsil və beynəlxalq əməkdaşlıq mərkəzlərindən birinə çevrilmişdir. Onun inkişafı yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi və mədəni tərəqqisinə mühüm töhfə verəcəkdədir.
Bu gün Şuşa öz azadlığının, dövlətimizin qüdrətinin və xalqımızın yenilməz iradəsinin canlı təcəssümüdür. Şəhərdə ucaldılan hər yeni bina, bərpa edilən hər tarixi abidə, açılan hər sosial obyekt, keçirilən hər beynəlxalq tədbir 8 Noyabr Zəfərinin davamıdır. Şuşanın azad edilməsi göstərdi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli siyasi iradə qarşıya qoyulan ən mürəkkəb vəzifələrin belə öhdəsindən gəlməyə imkan verir. Ali Baş Komandanımızın tarixi dəyanəti, cəsarətli addımları, həyata keçirdiyi ciddi islahatlar nəticəsində əldə olunmuş bu qələbə Azərbaycan xalqının öz tarixinə, milli-mənəvi dəyərlərinə və gələcəyinə sahib çıxmaq əzminin təntənəsidir. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın bu günü və gələcəyidir. Onun hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir mədəniyyət ocağı xalqımızın yaddaşında xüsusi yer tutur.
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə xalqımızın Zəfər sevincini, qəhrəman şəhidlərimizin əziz xatirəsini və qazilərimizin fədakarlığını ehtiramla yad etmək hər birimizin mənəvi borcudur. Şuşa uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik və fədakarlıq nümunəsi olacaqdır.
Şuşa azaddır, Şuşa dirçəlir, Şuşa yaşayır! Bu gün Şuşanın hər bir uğuru Azərbaycan xalqının tarixi Zəfərinin, milli qürurunun və müstəqil dövlətimizin qüdrətinin təntənəsidir.
Kamil Qurbanlı
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri
Müzakirə edin
Həmçinin oxuyun:
30 iyul 2026, Cümə axşamı
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Azərbaycan dilinin əsrləri aşan yaşarlıq salnaməsi
26 may 2026, Çərşənbə axşamı
28 May – Müstəqillik Günü: Azərbaycan xalqının azadlıq iradəsinin, dövlətçilik ənənələrinin və milli birliyinin təntənəsi
08 may 2025, Cümə axşamı
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti və tarixi Qarabağ Zəfəri
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.



Türkiyə
Pakistan
İsrail
Azərbaycan