Çadr
» » Biləsuvarda kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələr aparıldı


Biləsuvarda kənd təsərrüfatının inkişafı ilə bağlı müzakirələr aparıldı

18 sentyabr 2026, Cümə
75
0

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədilə sentyabrın 18-də Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, Biləsuvar Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Ədalət Babayev və Biləsuvar Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev rayonun iri fermer təsərrüfatlarına baş çəkiblər.

“Bilesuvarinfo” xəbər verir ki, baxış zamanı müəssisələrin və fermer təsərrüfatlarının mövcud istehsal imkanları, fəaliyyət istiqamətləri və inkişaf perspektivləri ilə bağlı məlumatlar dinlənilmiş, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, yeni istehsal güclərinin yaradılması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə olunmuşdur.
Sonra Biləsuvar Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah üzvlərinin və kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Tədbirin məqsədi zona müşavirəsində və ötən müddət ərzində yerli sahibkarlar və fermerlər tərəfindən irəli sürülmüş təşəbbüslərin gedişatını təhlil etmək, habelə Dövlət Proqramı çərçivəsində reallaşdırılan digər tədbirlərin mövcud vəziyyətini nəzərdən keçirmək olub.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxışında Prezident İlham Əliyevin sədrliyi ilə aqrar sektorun prioritetlərinə yönəlmiş müşavirəyə istinad edərək, respublikada kənd təsərrüfatının tərəqqisi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və bu sahənin dayanıqlı inkişafının təmin olunması istiqamətində qarşıya qoyulmuş öhdəliklərin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Faiq Qürbətov ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş strateji hədəflərə müvafiq olaraq, Biləsuvar rayonu ərazisində reallaşdırılan işlər barəsində geniş məlumat verib.
O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və Dövlət Proqramının icrasına dair rayon üzrə müəyyənləşdirilmiş tədbirlər uğurla reallaşdırılır.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış genişhəcmli fəaliyyət planı olduğunu qeyd edib. O, vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. D.Abdullayevin sözlərinə görə, bu strateji hədəflər aqrar ənənələrinə və böyük istehsal potensialına malik Biləsuvar rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov bildirib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində əsas məqsəd kənd təsərrüfatı və sahibkarlığa yönələn dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə subsidiyaların, güzəştli kreditlərin və digər maliyyə mexanizmlərinin genişləndirilməsi fermerlərin fəaliyyətinə mühüm töhfə verəcək. Dövlət dəstəyi regionların iqtisadi potensialını aktivləşdirməklə yanaşı, istehsalın artırılmasına, yeni iş yerlərinin açılmasına və müasir texnologiyaların tətbiqinə şərait yaradacaq. Əsas hədəf bu mexanizmlərdən səmərəli istifadə etməklə ölkədə dayanıqlı iqtisadi inkişafı və biznes mühitini daha da möhkəmləndirməkdir.
Tədbirdə çıxış edən fermer və sahibkarlar Dövlət Proqramının icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayaraq, qarşılaşdıqları bəzi problemləri diqqətə çatdırmışlar. Sahibkarlar Proqramın icrası ilə bağlı onlara göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qarşılıqlı müzakirə formatında davam edən görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb, müraciət və təklifləri dinlənilib.













Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.