Şamama Mürsəlovadan Vətən fədailərinə ədəbi ehtiram
Bu gün Biləsuvarda fəaliyyət göstərən “Xəzinə” ədəbi məclisinin üzvü, şair-publisist Şamama Mürsəlovanın Biləsuvar şəhidlərinin əziz xatirəsinə həsr etdiyi “Vətən fədailəri” və “Mübariz ömrü və mübarizlər” kitablarının geniş tərkibdə təqdimat mərasimi keçirilib.“Bilesuvarinfo” xəbər verir ki, YAP Biləsuvar rayon təşkilatının akt zalında təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, ziyalılar və ədəbiyyatsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər Şamama Mürsəlovanın ədəbi yaradıcılığından, onun Vətənə, doğma yurda və el-obaya dərin bağlılığından, milli-mənəvi dəyərlərə sədaqətindən, eləcə də ictimai fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, şairənin yaradıcılığında Vətən sevgisi, qəhrəmanlıq, şəhidlik zirvəsi və insan duyğuları xüsusi yer tutur. O, qələmindən və istedadından doğma elinin qəhrəman övladlarının xatirəsinin yaşadılması naminə istifadə edən, elinin dərdinə və sevincinə biganə qalmayan fədakar ziyalıdır.
Çıxışlarda müəllifin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərdiyi nəcib təşəbbüs xüsusi vurğulanıb. Bildirilib ki, Biləsuvarın 254 şəhidinin həyat və qəhrəmanlıq yolundan bəhs edən “Vətən fədailəri” kitabının ərsəyə gəlməsi Şamama Mürsəlovanın böyük zəhmətinin, gərgin axtarışlarının və fədakar əməyinin bəhrəsidir. Müəllif rayonun əksər şəhid ailələri ilə görüşərək, onların xatirələrini dinləyib, qəhrəman Vətən övladlarının həyat yolunu gələcək nəsillərə çatdırmağa çalışıb.
Tədbir iştirakçıları qeyd ediblər ki, Biləsuvar şəhidlərinin hamısını əhatə edən vahid nəşrin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Belə bir kitabın daha böyük tirajla yenidən nəşr olunaraq geniş oxucu auditoriyasına çatdırılması təqdirəlayiq olardı. Çünki şəhidlərin adlarının, şücaətlərinin və Vətən uğrunda keçdikləri şərəfli ömür yolunun yaşadılması hər birimizin mənəvi borcudur.
“Mübariz ömrü və mübarizlər” kitabında isə qəhrəmanlıq ənənələri ilə tanınan Mübarizlər yurdu Biləsuvarın, eləcə də ölkəmizin müxtəlif bölgələrindən olan igid Vətən övladlarının, şəhidlərin və qazilərin həyatından bəhs edən poema və şeirlər, xatirə oçerkləri yer alıb. Nəşr xalqımızın qəhrəmanlıq salnaməsinə, Vətənə sədaqət və fədakarlıq nümunələrinə poetik baxışın ifadəsidir.
Tədbirin sonunda kitabların redaktoru, yazıçı Arzu Heydərova çıxış edərək nəşrlərin ərsəyə gəlməsi prosesindən, müəllifin apardığı araşdırmalardan və bu istiqamətdə göstərdiyi böyük zəhmətdən danışıb.
Müəllif Şamama Mürsəlova tədbir iştirakçılarına və qonaqlara təqdimat mərasimində iştirak etdiklərinə görə minnətdarlığını bildirib. O, yaradıcılığından nümunələr səsləndirərək oxucularla duyğularını bölüşüb.
Qeyd edək ki, Şamama Cavanxan qızı Mürsəlova 1970-ci il aprelin 29-da Biləsuvar rayonunun İsmətli kəndində anadan olub. Azərbaycan İslam Universitetinin Dilçilik fakültəsini bitirib.
Gənc yaşlarından ədəbi yaradıcılığa könül verən Şamama xanımın poeziyasında Vətən sevgisi, milli-mənəvi dəyərlər, insan duyğuları və ictimai mövzular mühüm yer tutur. Qəzəllərini “Seyyida” təxəllüsü ilə qələmə alması onun klassik poeziya ənənələrinə bağlılığının göstəricisidir. Respublika “Aşıq Pəri” Məclisinin üzvüdür. Şeirləri müxtəlif antologiyalarda, qəzet və jurnallarda dərc olunub.
Ş. Mürsəlovanın “Kaş ki” adlı ilk şeirlər kitabı 2025-ci ildə işıq üzü görüb. “Mübariz ömrü və mübarizlər” isə müəllifin sayca ikinci kitabıdır.
Şairənin yaradıcılığı və ictimai fəaliyyəti müxtəlif diplom, fəxri fərman və mükafatlarla qiymətləndirilib. O, “İlin vətənpərvər şairi” diplomuna layiq görülüb, Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının təbliğinə verdiyi töhfələrə görə fəxri diplom, mükafat və medallarla təltif edilib.
Şamama Mürsəlovanın şəhidlərimizin əziz xatirəsinin yaşadılması istiqamətindəki bu dəyərli təşəbbüsü, sözə və Vətənə bağlılığı təqdirəlayiqdir.
Biləsuvarın istedadlı şair qızına möhkəm cansağlığı, yaradıcılığında yeni uğurlar, qələminə güc, ilhamına tükənməzlik arzulayırıq!



Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan