Çadr
» » Bir müəllimin vaxtsız ayrılığı - İmanov Nurlan Mirzabin oğlu


Bir müəllimin vaxtsız ayrılığı - İmanov Nurlan Mirzabin oğlu

15 avqust 2026, Şənbə
142
0

Bəzi ayrılıqlar insanı susdurur. Geridə qalan xatirələr isə illər keçdikcə həmin insanın səsini, baxışını, davranışını yenidən yaddaşımıza gətirir. Nurlan müəllimin vaxtsız gedişi də belə ağır ayrılıqlardan biri oldu. O, yaşadığı illərin sayından çox, insanlarla qurduğu münasibətlər, təhsilə verdiyi xidmət və ailəsinə bəxş etdiyi dəyərlərlə xatırlanır.

Nurlan İmanov 1981-ci il iyulun 23-də Biləsuvar şəhərində anadan olmuşdur. Orta təhsilinə 1987-ci il sentyabrın 1-də Biləsuvar şəhərində Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbdə başlamış, 1996-cı ildə həmin məktəbi  bitirib. Gənc yaşlarından təhsilə marağı və müəllimlik peşəsinə bağlılığı onun gələcək həyat yolunun əsas istiqamətini müəyyənləşdirmişdir.
1999-cu ildə Lənkəran Dövlət Universitetinə qəbul olan Nurlan İmanov 2003-cü ildə həmin ali təhsil ocağını ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra doğma rayonuna qayıdaraq əmək fəaliyyətinə başlamış və 2003-cü ilin avqustunda Biləsuvar rayonunun Təzəkənd orta məktəbinə ixtisası üzrə müəllim təyin olunmuşdur.
Lakin müəllim kimi fəaliyyətə başladığı ilk illərdə hərbi xidmət vəzifəsini də yerinə yetirməli olmuşdur. 2004-cü ilin oktyabrında hərbi xidmətini başa vuraraq yenidən Təzəkənd orta məktəbində, 2005-ci ilin aprelindən isə rayonun Səmədabad kənd orta məktəbində ixtisası üzrə fəaliyyət göstərmişdir.
Onun əmək fəaliyyətində növbəti mərhələ 25 oktyabr 2006-cı ildən başlamışdır. Nurlan İmanov Biləsuvar Rayon Təhsil Şöbəsində vakant metodist vəzifəsinə qəbul olunmuş və bundan sonra uzun illər təhsil sahəsində öz bilik və təcrübəsi ilə xidmət göstərmişdir. Müəllimlikdən təhsil idarəçiliyinə qədər keçdiyi yol onun peşəsinə olan bağlılığının və təhsil sahəsindəki fəaliyyətinin ardıcıllığını göstərirdi.
Nurlan müəllim üçün təhsil yalnız bir iş yeri və ya vəzifə deyildi. Bu sahə onun həyatının mənası, insanlara xidmət etməyin bir yolu idi. Müəllimlik peşəsinin məsuliyyətini dərk edən, təhsilin cəmiyyətin gələcəyindəki rolunu anlayan insan kimi öz işinə həmişə ciddi və məsuliyyətli yanaşırdı.
Onu tanıyanların xatirəsində Nurlan İmanov ilk növbədə səmimi, zəhmətkeş və öz peşəsinə bağlı bir insan kimi yaşayır. Təhsil sahəsində çalışdığı illər ərzində həm müəllim, həm də metodist kimi qazandığı təcrübə onun peşəkar simasının formalaşmasında mühüm rol oynamışdır. O, təhsil işçiləri ilə ünsiyyətdə olmuş, öz bilik və bacarığını həmkarları ilə bölüşmüş, çalışdığı sahənin inkişafına öz töhfəsini vermişdir.
Təəssüf ki, 2025-ci ildə onun qəfil vəfatı doğmalarını, yaxınlarını, dostlarını, həmkarlarını və onu tanıyan bütün təhsil işçilərini dərin sarsıntıya məruz qoydu. Bir insanın həyat yolunun yarımçıq qalması həmişə ağırdır. Xüsusilə də ömrünü insan yetişdirməyə, təhsilə və cəmiyyətə xidmətə həsr etmiş bir müəllimin yoxluğu daha böyük boşluq yaradır.
Nurlan müəllimin yadigarlarının təhsilə marağı və uğurları böyük qürur mənbəyidir. 2010-cu il təvəllüdlü İlknur İmanzadə Biləsuvar şəhər N.Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin rus bölməsində 9-cu sinfi əla qiymətlərlə başa vurmuş, buraxılış imtahanında məktəb üzrə ən yüksək — 259 bal toplamışdır. O, 9-cu sinfi fərqlənmə attestatı ilə bitirməklə rus bölməsi üzrə həmin məktəbdə ilk fərqlənmə attestatı alan şagird olmuşdur. 2013-cü il təvəllüdlü Aydan İmazadə bacısı ilə eyni məktəbdə, 6-cı sinfi əla qiymətlərlə başa vurmuşdur. Ailənin ən kiçik övladı Yusif isə üç yaşındadır
İnsan dünyadan köçür, amma onun yaxşı əməlləri, insanlara göstərdiyi qayğı və cəmiyyət üçün gördüyü faydalı işlər yaddaşlarda qalır. Nurlan müəllimin ömrü də məhz belə bir yaddaşın səhifələrində yaşayacaq.

Allah rəhmət eləsin!.

Səlamət Biləsuvarlı,
AJB-in üzvi


Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.