Çadr
» » Azərbaycan–Avropa İttifaqı münasibətləri: strateji tərəfdaşlıqdan dayanıqlı əməkdaşlığa doğru.


Azərbaycan–Avropa İttifaqı münasibətləri: strateji tərəfdaşlıqdan dayanıqlı əməkdaşlığa doğru.

07 iyul 2026, Çərşənbə axşamı
82
0
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru yalnız milli potensialı ilə deyil, həm də qurduqları etibarlı tərəfdaşlıqlarla ölçülür. Azərbaycan Respublikası son illərdə həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Bu baxımdan Avropa İttifaqı ilə münasibətlərin dinamik inkişafı ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və regional təhlükəsizlik kimi strateji sahələri də əhatə edir. 
        
Son dövrlərdə Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana ardıcıl səfərləri münasibətlərdə yeni mərhələnin başlanmasını nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti, Avropa diplomatiyasının rəhbəri və Avropa Komissiyasının Prezidentinin ölkəmizə səfərləri qarşılıqlı siyasi dialoqun intensivləşdiyini və əməkdaşlığın genişləndirilməsi istiqamətində hər iki tərəfin güclü iradə nümayiş etdirdiyini göstərir. Keçirilən görüşlər zamanı müzakirə olunan geniş gündəlik tərəflərin uzunmüddətli strateji maraqlarının üst-üstə düşdüyünü bir daha təsdiqləyir. 
        
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr də yüksələn xətt üzrə inkişaf edir. Bu gün Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz ittifaqa üzv ölkələrin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas ticarət tərəfdaşı kimi Azərbaycanın rolu daha da güclənib. Bu göstəricilər ölkəmizin regionun iqtisadi həyatında oynadığı aparıcı rolu və beynəlxalq iqtisadi münasibətlərdə artan nüfuzunu nümayiş etdirir. 
        
Enerji sahəsində formalaşmış tərəfdaşlıq Azərbaycan–Avropa münasibətlərinin əsas sütunlarından biridir. İllər ərzində həyata keçirilən məqsədyönlü siyasət, beynəlxalq əməkdaşlıq və iri infrastruktur layihələrinə yatırılan sərmayələr nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkələrdən birinə çevrilib. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi yalnız iqtisadi əhəmiyyət daşımır, həm də müxtəlif dövlətləri birləşdirən strateji əməkdaşlıq modelidir. Hazırda Azərbaycanın təbii qazı Avropa İttifaqının on üzv dövlətinə ixrac edilir və mövcud imkanlar bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyini göstərir. 
        
Müasir dövrdə enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan bu istiqamətdə uzun illər ərzində ardıcıl siyasi qərarlar qəbul edib, mühüm diplomatik təşəbbüslər irəli sürüb və enerji resurslarının dünya bazarına çıxarılması üçün geniş nəqliyyat infrastrukturu yaradıb. Bunun nəticəsində ölkəmiz etibarlı enerji təchizatçısı kimi beynəlxalq etimad qazanıb və Avropanın enerji şaxələndirmə siyasətində mühüm yer tutur. 
        
Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sahəsində əldə etdiyi uğurlar da Avropa ilə əməkdaşlığın vacib istiqamətlərindəndir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın geostrateji mövqeyini daha da möhkəmləndirir. Son illərdə limanların, dəmir yolu şəbəkəsinin və digər nəqliyyat infrastrukturunun müasirləşdirilməsi tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Qlobal geosiyasi dəyişikliklər fonunda alternativ marşrutlara artan tələbat Azərbaycanın nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir və Avropa ilə iqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradır. 
        
Əməkdaşlığın yeni istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Azərbaycan zəngin günəş, külək və su elektrik potensialına malik olmaqla yanaşı, bu imkanların reallaşdırılması üçün genişmiqyaslı layihələr həyata keçirir. Xarici və yerli investorlarla imzalanmış müqavilələr yaxın illərdə ölkədə yaşıl enerji istehsalının əhəmiyyətli dərəcədə artacağını göstərir. Bu istiqamətdə qurulacaq yeni enerji ötürücü xətlər və həyata keçiriləcək layihələr Azərbaycanın Avropanın yaşıl enerji gündəliyinə mühüm töhfə verməsinə şərait yaradacaq. Beləliklə, enerji əməkdaşlığı ənənəvi karbohidrogen sektorundan kənara çıxaraq yeni mərhələyə qədəm qoyur. 
        
Azərbaycanın Avropa İttifaqı ilə dialoqunda regional təhlükəsizlik və sülh məsələləri də xüsusi yer tutur. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlər Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sülh sazişi istiqamətində atılan addımlar və beynəlxalq vasitəçilik çərçivəsində əldə olunan razılaşmalar regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaradır. 
        
Azərbaycan sülhün yalnız siyasi bəyanatlarla deyil, real addımlarla möhkəmləndirilməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Bu məqsədlə Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması, enerji daşıyıcılarının tədarükünün həyata keçirilməsi kimi humanitar və iqtisadi addımlar regionda etimad mühitinin güclənməsinə xidmət edir. Bu siyasət göstərir ki, Azərbaycan qarşıdurmadan deyil, əməkdaşlıqdan və qarşılıqlı faydadan çıxış edən yanaşmaya üstünlük verir. 
        
Otuz ilə yaxın davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün regionda davamlı sülhün qurulmasının əsas təşəbbüskarlarından biridir. Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri gələcəyə hesablanmış siyasi baxışın ifadəsidir. Məqsəd yalnız münaqişənin başa çatması deyil, Cənubi Qafqazın əməkdaşlıq, qarşılıqlı etimad və birgə inkişaf məkanına çevrilməsidir. Bu prosesdə Avropa Komissiyasının konstruktiv dəstəyi də xüsusi əhəmiyyət daşıyır və tərəflər arasında dialoqun daha da möhkəmlənməsinə xidmət edir. 
        
Nəticə etibarilə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə daxil olub. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat layihələri və regional sülh gündəliyi bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. Qarşılıqlı hörmət və ortaq maraqlara əsaslanan bu münasibətlər həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın təhlükəsizlik və inkişaf strategiyasına mühüm töhfə verir. Əminliklə demək olar ki, qarşıdakı illərdə bu əməkdaşlıq daha da dərinləşəcək və regionun sabitliyi, rifahı və davamlı inkişafı naminə yeni uğurlara yol açacaq. 

Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri 
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.