Azərbaycan Silahlı Qüvvələri-108: Güclü dövlətin yenilməz ordusu

Bəli, əsrlər boyu tarix sübut edib ki, dövlətin müstəqilliyini qoruyan ən etibarlı təminat onun güclü ordusudur. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri peşəkar, intizamlı və müasir tələblərə cavab verən milli ordu quruculuğu idi. Əlbəttə bu yol asan olmadı. Lakin məqsədyönlü dövlət siyasəti, xalqın həmrəyliyi və orduya göstərilən ardıcıl diqqət nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından birinə çevrilib.
Ümummilli Lider Heydər Əliyev ordu məsələsini hər zaman dövlətçiliyin əsas dayaqlarından biri hesab edirdi. Onun "Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi dövlətin qüdrətini təmin edir" fikri bu gün də öz aktuallığını qoruyur. Çünki güclü ordu yalnız silah və texnika ilə deyil, xalqın ona olan etimadı, mənəvi dəstəyi və vətənpərvərlik ruhu ilə formalaşır.
Məhz buna görə Ulu Öndər qeyd edirdi ki, xalqla ordunun sağlam mənəvi birliyi daim qorunmalı, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmalıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ciddi təhlükələrlə üz-üzə idi. Ölkədə hökm sürən siyasi böhran və nizamsızlıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. Lakin xüsusi qeyd etməliyik ki, 1993-cü ilin ikinci yarısında ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə əsaslı dönüş yarandı. Milli Məclisdə hərbi qulluqçuların statusu, Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı çox mühüm qərarlar qəbul olundu. Eyni zamanda ordunun kadr potensialının gücləndirilməsi istiqamətində Ulu öndər MDB dövlətlərində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıdışı ilə bağlı çağırış etdi və ölkədə bu sahədə ciddi irəliləyişə nail olundu. Ümummili lider H.Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan ordusunun beynəlxalq əlaqələri daha da gücləndirildi. Azərbaycan başda qardaş Türkiyə Cümhuriyyəti olmaqla, dünyanın inkişaf etmiş ən güclü orduya sahib dövlətləri ilə çoxşaxəli hərbi əlaqələr qurdu. Və bu əlaqələr təcrübə mübadiləsi baxımından Azərbaycan ordusunun formalaşmasında mühüm rol oynadı. Bir sözlə, milli ordunun formalaşdırılması sistemli xarakter aldı, vahid komandanlıq prinsipi təmin edildi, döyüş hazırlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı, həqiqi hərbi xidmət qulluqçularının xidmət müddəti tənzimləndi.
Bu ideya sonrakı dövrdə daha ardıcıl şəkildə davam etdirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə isə Azərbaycan Ordusu tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnika ilə təchizatı təmin olundu, hərbi qulluqçuların sosial müdafiəsi daha da yaxşılaşdırıldı, hərbi təhsil və hazırlıq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı.
Bu inkişafın mühüm istiqamətlərindən biri də ordunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması oldu. Birgə təlimlər, komando briqadalarının yaradılması, NATO standartlarına uyğun hazırlıq və müasir idarəetmə sistemi ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı.
Azərbaycanın hərbi sənaye kompleksinin inkişafı da ordu quruculuğunda yeni mərhələ açdı. Bu gün ölkəmiz yalnız müasir silahlar almaqla deyil, eyni zamanda müxtəlif təyinatlı müdafiə məhsulları istehsal edən dövlətlər sırasında yer alır.
2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Dörd günlük döyüşlər göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan tapşırıqları qısa müddətdə və yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarındadır. Bu qələbə 2020-ci ilin Vətən müharibəsində qazanılacaq tarixi zəfərin də əsas xəbərçisi oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Prezident İlham Əliyevin dediyi kimi, "Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı." Bu sözlər döyüş meydanında əldə olunan tarixi nəticələrin real qiymətləndirilməsi idi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini rəsmiləşdirdi. Bununla ölkəmizin ərazi bütövlüyü bərpa olundu, uzun illər davam edən münaqişəyə son qoyuldu.
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyini yeni mərhələyə yüksəltdi. Sənəddə müdafiə sənayesi, hərbi texnologiyaların mübadiləsi, birgə istehsal, elmi-tədqiqat və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi yer tutur. Bu isə Azərbaycan Ordusunun gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycanın hərbi sahədə etibarlı tərəfdaşlarından biri olan Pakistan İslam Respublikası ilə əməkdaşlıq da ildən-ilə genişlənir. Qarşılıqlı etimada əsaslanan münasibətlər müdafiə və təhlükəsizlik sahəsində yeni imkanlar yaradır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Güclü dövlətin güclü ordusu olmalıdır." Bu gün Azərbaycan Ordusu məhz həmin prinsip əsasında inkişaf edir. Müasir silahlanma, yüksək peşəkarlıq, güclü komandanlıq, xalq-ordu birliyi və Vətən sevgisi Silahlı Qüvvələrimizin əsas üstünlükləridir.
İyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü artıq 6 ildir ki, həm də xalqımızın hərbi qüdrətinin, dövlətimizin gücünün və tarixi Zəfərinin rəmzidir. Bu gün biz qalib ordunun bütün əsgər və zabitlərinə dərin ehtiramımızı bildirir, Vətən uğrunda canından keçən şəhidlərimizi sonsuz minnətdarlıqla anır, qazilərimizin fədakarlığını yüksək qiymətləndiririk.
İndi Azərbaycanın qüdrətli inkişafı dünyanın sayılıb-seçilən orduları sırasında yer alan Silahlı Qüvvələrinin gücündə də öz əksini tapır. Müstəqil Azərbaycanın sabahı məhz güclü dövlətə, yenilməz orduya və xalqın sarsılmaz birliyinə söykənir. Birliyimiz əbədi, bayramımız mübarək olsun!
Samir Qurbanov,
YAP Biləsuvar rayon təşkilatının fəalı, ARB televiziyasının bölgə müxbiri, AJB-nin üzvü
Müzakirə edin
Həmçinin oxuyun:
08 may 2025, Cümə axşamı
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasəti və tarixi Qarabağ Zəfəri
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.





Türkiyə
Pakistan
İsrail
Azərbaycan