Noyabr ayının 6-da Biləsuvar şəhərində şəhid Məmmədov İlkin Fərhad oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Noyabrın 6-da Biləsuvar şəhər qəbristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Məmmədov İlkin Fərhad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!