Noyabr ayının 2-də Biləsuvar rayonunun Günəşli kəndində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid kapitan Babayev Nihad Akif oğlu və Aşağı Cürəli kəndində şəhid Mirzəyev Orxan Əli oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşları, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Babayev Nihad Akif oğlu 30 avqust 1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib. Kəşfiyyatçı kimi xidmətləri çox olsa da, ilk geniş hərbi əməliyyatı 2018-ci ildə Naxçıvanda “Günnüt əməliyyatı”nda olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib və
Füzuli rayonunYuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Babayev Nihad Akif oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar Regional Mədəniyyət İdarəsinin Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinə verilmişdir.
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Mirzəyev Orxan Əli oğlu 12 iyul 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. Aşağı Cürəli kənd tam orta məktəbində orta təhsil almışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət eləsin!