Oktyabr ayının 13-də Biləsuvar rayonunun Əliabad kəndində şəhid Şahmarlı Elvin Malik oğlu, Zəhmətabad kəndində şəhid Talıblı Asif Arif oğlu və Çaylı kəndində şəhid Qəniyev Cahid Şaiq oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Şahmarlı Elvin Malik oğlu 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş və oktyabr ayının 12-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Şahmarlı Elvin Malik oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş şəhid Talıblı Asif Arif oğlu 26 aprel 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Talıblı Asif Arif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Ordusunun giziri olmuş şəhid Qəniyev Cahid Şaiq oğlu 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərib və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qəniyev Cahid Şaiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!