Fevral ayının 19-da Biləsuvar rayonunun Nəsimi kəndində şəhid İbadlı Ruslan Sakit oğlunun doğum günü ilə əlaqədar ata ocaqı və məzarı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid İbadlı Ruslan Sakit oğlu 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olmuşdur. 2001-2012-ci illərdə Nəsimi kənd tam orta məktəbində təhsil almış və 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Nəsimi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid İbadlı Ruslan Sakit oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Nəsimi kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!