Fevral ayının 13-də Biləsuvar rayonunun Ağalıkən kəndində şəhid Bayramov Osman Zeyqəm oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Bayramov Osman Zeyqəm oğlu 13 fevral 1987-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuşdur. 1994-2005-ci illərdə Ağalıkənd kənd tam orta məktəbində təhsil almışdır. 2005-2007-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2020-ci ilin avqust ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Bayramov Osman Zeyqəm oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir. Onuda qeyd edək ki, Şəhid Osman Bayramov ailəli olmuş və 2 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Ağalıkənd kənd küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!