» » » Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi


Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi




Noyabr ayının 19-da Biləsuvar rayonunun Bəydili kəndində Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlunun doğum günü,  Ağalıkənd kəndində şəhid Xanalıyev Ziyəddin Ariz oğlu və Təzəkənd kəndində şəhid Əhmədli Elməddin Gülverən oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əlizadə Ruslan Arif oğlu 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 1998-2009-cu illərdə Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində təhsil almış və 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuş və sonra öz arzusu ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 8 oktyabr 2020-ci ildə Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əlizadə Ruslan Arif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olmuşşəhid Xanalıyev Ziyəddin Ariz oğlu 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağalıkənd kənd tam orta məktəbində təhsil almış və 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Ziyəddin, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və  noyabrın 6-da Daşaltı istiqamətində  gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 19 noyabr 2020-ci ildə Ağalıkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Xanalıyev Ziyəddin Ariz oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Azərbaycan Ordusunun çavuşu olmuş şəhid Əhmədli Elməddin Gülverən oğlu 28 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2002-2013-cü illərdə R.Şirinov adına Təzəkənd kənd tam orta məktəbində təhsil almış və 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və  noyabrın 3-də Hadrut istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 19 noyabr 2020-ci ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əhmədli Elməddin Gülverən oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR