Vətən müharibəsi şəhidləri Hüseynli Fariz Dadaş oğlu və Bayramov Osman Zeyqəm oğlunun anım günlərində xatirələri yad edildi.
Oktyabr ayının 4-də Biləsuvar rayonunun Əsgərabad kəndində şəhid Hüseynli Fariz Dadaş oğlu və Ağalıkənd kəndində şəhid Bayramov Osman Zeyqəm oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Əsgərabad və Ağalıkənd kənd ərazi partiya təşkilat sədrləri Mirəşrəf Mirsultanov, Oktay Məmmədov, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Hüseynli Fariz Dadaş oğlu 10 noyabr 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, Tərtər rayonunun Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş, oktyabr ayının 3-də düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Hüseynli Fariz Dadaş oğlu ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri olmuş Bayramov Osman Zeyqəm oğlu 13 fevral 1987-ci ildə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Bayramov Osman Zeyqəm oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!