İyun ayının 12-də Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, I Qarabağ müharibəsinin şəhidi, rayonun Aşağı Cürəli kəndindən olan Kəlbiyev Şaiq Tahir oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olunub.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək şəhidimizin anası Solmaz anaya baş sağlığı diləklərini çatdırıblar.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun əsgəri olan Şaiq Tahir oğlu Kəlbiyev 18 iyul 1971-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1978 – 1989-cu illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almış, daha sonra təhsilini peşə liseyində davam etdirmişdir. 1993-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olmuş və 12 iyun 1993-cü ildə Aşağı Cürəli kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra, 24 iyun 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən döyüşdə göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Tahir oğlu Kəlbiyevin adını daşıyır.
Allah şəhidlərimizə rəhmət eləsin!