» » » Şəhidlərin xatirəsi yad edildi


Şəhidlərin xatirəsi yad edildi

Aprel ayının 26-da Biləsuvar rayonunun Nərimankənd kəndində I Qarabağ müharibəsi itkin şəhidi Nuriyev Zaur Bayram oğlunun anım günü və Zəhmətabad kəndində II Qarabağ müharibəsi şəhidi Talıblı Asif Arif oğlunun doğum günü ilə əlaqədar ailələri ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin  şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Nuriyev Zaur Bayram oğlu 20 iyul 1975-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 23 iyul 1993-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 26 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Biləsuvar rayon məhkəməsinin 2 may 1996-cı il tarixli qərarına əsasən ona şəhid statusu verilmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ-sı olmuş şəhid Talıblı Asif Arif oğlu 26 aprel 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1999-2008-ci illərdə D.Dadaşov adına Zəhmətabad kənd ümumi orta məktəbində və 2008-2011-ci illərdə İ.Dəmirov adına Biləsuvar rayon Peşə liseyində təhsil almışdır. 2011-2013-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Talıblı Asif Arif oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR