- 23 dekabr, 13:49
- 251 dəfə oxunub
- 0
I Qarabağ müharibəsi şəhidlərinin doğum günündə ailələri ziyarət olundu
Dekabr ayının 23-də Biləsuvar rayonunun Xırmandalı kəndində I Qarabağ müharibəsi şəhidi Muradov Fərhad Əbülfət oğlu və Yuxarı Ağalı kəndində şəhid Abdulov Asif Mirayə oğlunun doğum günləri ilə əlaqədar ailələri ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Bəhruz Əliyev iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Muradov Fərhad Əbülfət oğlu 23 dekabr 1971-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 6 iyun 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Döyüş yolu əsasən Şuşa və Laçın rayonlarından keçib. Laçın rayonunun Güləbird və Səfyan kəndlərində gedən döyüşlərdə şücaət göstərmiş, Füzuli rayonu uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 29 iyul 1993-cü ildə Xırmandalı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Xırmandalı kənd Mədəniyyət evi nəzdində folklor evinə verilmişdir.
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdulov Asif Mirayə oğlu 23 dekabr 1975-ci ildə Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndində anadan olmuşdur. 11 yanvar 1994-cü ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 21 aprel 1994-cü ildə Yuxarı Ağalıkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Yuxarı Ağalıkənd kənd ümumi orta məktəbinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!