Noyabr ayının 12-də Biləsuvar rayonunun Çaylı kəndində şəhid Məmişli Sahil Ağaverdi oğlu, Zəhmətabad kəndində şəhid Qasımzadə Nicat Höccət oğlu və Biləsuvar şəhərində şəhid Əzizli Elnur Şahin oğlunun anım günləri ilə əlaqədar ata ocaqları ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust 1991-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və noyabrın 11-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixində Çaylı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmişli Sahil Ağaverdi oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş şəhid Qasımzadə Nicat Höccət oğlu 10 noyabr 2000-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə şəhid Ənvər Rəhmətov adına Zəhmətabad kənd tam orta məktəbində təhsil almış və 2019-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətə olmuşdur. Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və noyabrın 9-dan 10-na keçən gecə Şuşa istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixində Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Qasımzadə Nicat Höccət oğlu ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əzizli Elnur Şahin oğlu 25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əzizli Elnur Şahin oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!