Oktyabr ayının 6-da Biləsuvar şəhərində “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu və Əsgərabad kəndində şəhid Bayramov Elmin Elməddin oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, sədr müavini, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Əkbərov Orxan Nadir oğlu 12 dekabr 1982-ci ildə Saatlı şəhərində anadan olub. 1989-1997-ci illərdə Saatlı şəhər 3 nömrəli tam orta məкtəbində, 1997-1999-cu illərdə isə Biləsuvar şəhər 1 nömrəli tam orta məкtəbində təhsil alıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid polkovnik-leytenant Əkbərov Orxan Nadir oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar şəhəri Uşaq İncəsənət Məktəbinə verilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Bayramov Elmin Elməddin oğlu 24 iyun 2002-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Bayramov Elmin Elməddin oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!