- 23 avqust, 19:45
- 1 051 dəfə oxunub
- 0
I Qarabağ müharibəsi şəhidinin doğum günündə ailəsi ziyarət olunub
"Bilesuvarinfo" xəbər verir ki, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya fəalları şəhidin ailəsini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Söhbət zamanı şəhidin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib. Təşkilatın sədri Kamil Qurbanlı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının yağı düşmənin tapdağından azad edilməsilə, həm də I Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını bildirdi.
Azərbaycanın yenilməz, mübariz xalq olduğu bir daha öz təsdiqini tapdı. Şəhidlərimizin ruhu bu gün şaddır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.
Şəhidimizin anası Məhbubə Mahmudova və qardaşı Mirşaiq Sultanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.
Daha sonra kənd qəbirstanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Azərbaycan Ordusunun əsgəri olan şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dəvrişli kəndində anadan olub. 9 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992- ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub, 11 sentyabr 1992-ci ildə Dəvrişli kənd qəbirstanlıqında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilmişdir.
Allah rəhmət eləsin!