- 23 dekabr, 18:35
- 253 dəfə oxunub
- 0
Biləsuvar məktəbinin müəllimi “Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibi olub - FOTO
“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqəyə təqdim olunan 300-ə yaxın müəllimin essesi tanınmış təhsil mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbir “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın açılış nitqi ilə başlayıb.
O qeyd edib ki, esse müsabiqəsinin məqsədi çoxşaxəli idi: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlalın pedaqoji irsinə həsr olunmuş müsabiqənin əsas məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqidir”.
Daha sonra Mir Cəlalın “insanlıq fəlsəfəsi” ideyası haqda danışan “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, professor Təhsin Mütəllimov Mir Cəlal elmi-pedaqoji məktəbinin fərqi barəsində danışıb.
Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək öz müəllimi - Mir Cəlal haqqında xatirələrini bölüşüb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Münsiflər heyətinin rəyini ifadə edən Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev müsabiqəyə təqdim olunan esselərin Azərbaycanın geniş coğrafyasını təmsil etdiyini qeyd edib. Əlavə edib ki, yazılarda həssas janr xətti ilə yanaşı, şagird-müəllim münasibətləri, müasir tədrisdə aktual məsələlər, həmçinin təhsildə beynəlxalq yanaşmaların təhlili də yer alıb.
Daha sonra qaliblər mükafatlandırılıb.
Mükafatları Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov, “Ədibin Evi” Himayəçilik Şurasının üzvü Hafiz Paşayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov təqdim ediblər.
Üçüncü yerə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının müəllimi Nüşabə Hüseynova, Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Sədayə Həmidova, Şəki rayon Təpəcənnət kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Nübar Əhmədzadə layiq görülüblər.
İkinci yeri Biləsuvar rayon Səmədabad kənd Ə.Almasov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Əliyeva və Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin müəllimi Aqşin Kərimli bölüşüblər.
Birinci yerin sahibi isə Beyləqan rayonu Dünyamalılar kəndində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən Tahirə Xudaverdiyeva olub.
Mükafatlandırmadan sonra elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib.
O, müəllim peşəsinin aliliyi haqqında danışaraq əlavə edib ki, bu peşənin fəlsəfəsində insan yetişdirmək və insani dəyərlərin aşılanması dayanır.
Çıxışının sonunda nazir bütün qalibləri təbrik edib.
Tədbir “Ədibin Evi” Himayəçilik Şurasının üzvü Hafiz Paşayevin yekun nitqi ilə başa çatıb.
Hafiz Paşayev də öz növbəsində müsabiqənin məqsəd və məramı haqqında danışaraq iştirak edən müəllimləri və qalibləri təbrik edib, onlara uğurlar arzu edib.
Qaliblər ilə xatirə fotosu çəkilib
Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 10 000 (on min) manat idi.
I yer (bir nəfər) - 3 000 AZN
II yer (iki nəfər) - 2 000 AZN
III yer (üç nəfər) - 1 000 AZN dəyərində mükafata layiq görülüblər.