- 2 dekabr, 21:50
- 326 dəfə oxunub
- 0
Valideyn-məktəb arasında balans pozulub – Ekspert açıqladı
Məsələ ilə bağlı, Elm və Təhsil eksperti Rizvan Fikrətoğlu sualları cavablandırıb.
“Ali məktəbə hazırlığın repititorsuz mükünsüzlüyü insanların təfəkkürünün dərinliyinə hopub. Təəssüflər olsun ki, şagirdlərin repititor yanına getməsi məcburiyyət olmaqla yanaşı, dəb halını da alıb. İş o yerə çatıb ki, təkcə yuxarı sininf şagirdləri deyil, ibtidai siniflərdə oxuyan uşaqlar belə müəllim yanına hazırlığa göndərilir. Valideyn-məktəb arasında balans pozulub”.
Ekspertin sözlərinə görə, İcbari tibbi sığorta ilə dövlət xəstəxanalarında edilən müalicələrə güvənmədiyi kimi, valideyn Azərbaycan məktəbinin verdiyi təhsilə güvənmir.
“Çox vaxt attestat xatirinə uşaqlar məktəbə gedirlər. Repititor yanına daha çox getsin deyə, müxtəlif vasitələrlə şagirdlər məktəbə getməmək üçün can atırlar. Burada müəllimlərin də marağı az deyil. Çünki repititorluqla məşğul olan müəllimlərin qazancı aldıqları maaşdan dəfələrlə çoxdur. Bakıda bir fənni 100, hətta 200-300 manata tədris edən müəllimlərin bəzəkli reklamlarına rast gəlmək adi hal alıb”.
Rizvan Fikrətoğlu düşünür ki, fənn müəllimlərin çoxu məktəbə yük kimi baxır, 45 dəqiqəni “doldurmağın” yollarını fikirləşir…
“Çünki Azərbaycan müəllimi özünün maliyyələşməsini daha çox uşaq hazırlamaqda görür. Repititorluq sahəsində xaos, özbaşınalıq, nəzarətsizlik var. 200 balla universitetə qəbul olan tələbədən tutmuş, MiQ imtahanında keçid balından qat-qat aşağı nəticə göstərmiş müəlliminə və hətta ixtisası müəllim olmayan vətəndaşına kimi hamı repititordur”.
Ekspert qeyd edir ki, repititorluq primitiv bazar statusuna kimi gəlib çatıb.
“Ölkəmizdə hazırlıq kurslarının sayı apteklərin sayından çoxdur. Bugün “övladım tay-tuşundan geri qalmasın” təfəkkürü ilə aşağı sinif şagirdlərini müəllim hazırlığına göndərən valideynlərdən tutmuş, “filankəs müəllim fənnini 300-400 manata tədris edir, hər uşağı götürmür, gəlirimdən aşağı pul qazanan qonşunun uşağı onun hazırlığına gedirsə, mənim uşağım niyə germəsin” təfəkkürü ilə övladlarını bədbəxt edən valideynlərə kimi rast gəlirik”.
R. Fikrətoğlunun sözlərinə görə, Azərbaycan müəllimi 2000-3000 manat maaş alsa belə, özünü tam olaraq orta məktəbdə təhsil öyrətməyə yönəltməyəcək.
“Az eşitməmişik orta məktəb müəlliminin yanına getməyib başqa müəllimin yanına gedən uşaqların “gözümçıxdıya” salınmasını. Repititor hansısa fənnin qaydalarını öyrədə bilər, amma Vətənə məhəbbəti, yurd sevgisini aşılaya bilməz. Təəssüf etdiyim odur ki, dövlət büdcəsindən xeyli pul təhsilə ayrılırsa və təhsildə meydan oxuyanlar repititorlardırsa, vay Azərbaycan təhsilinin halına”.
Ekspert sonda qeyd edib ki, o, repititorluğun qəti əleyhinə deyil.
“Lakin bu işin qanuniləşməsini, rəsmiləşdirilməsini və təşkilini vacib hesab edirəm. Burada işbazlara yer verilməməlidir. Məsələn, repititorluqla məşğul olmaq istəyənlər attestasiyadan keçməli, xüsusi lisenziya və buna bənzər sənəd almalıdır. Burada valideyndə də əminlik yaranacaq ki, əlabbas müəllimə və ya filan kursa etimad etmək olar. Bununla, həm də dövlət vergi almaqla fayda götürəcək”.