- 2 noyabr, 11:14
- 504 dəfə oxunub
- 0
Repetitorluq fəaliyyətinə SON - “Məktəblərdə bu sistem tətbiq olunsa...”
Artıq uzun illərdir Azərbaycan məktəblərində tam orta təhsil pilləsi 11 ildir. Abituriyentlər könüllü şəkildə IX sinifdən məktəbdən kolleclərə sənəd verə bilərlər. 11 il tədris prosesi olduğu halda abituriyenlər ali məktəbə qəbul olmaq üçün repetitor yanına getməli olurlar.
Maraqlıdır ki, əgər tədrisin keyfiyyəti abituriyentlərin qəbul imtahanlarına hazırlığına kifayət etmirsə, o halda strukturda hansı dəyişikliklər görmək lazımdır?
“BILESUVARINFO” xəbər verir ki, mövzu ilə əlaqədar AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev tədrisin keyfiyyət faizinin artırılması üçün təhsil pilləsinin 3 mərhələli olmasını təklif edir: “Türkiyə təhsil modeli əsasında, I pillə 1- 4 siniflər, II pillə 5-9, III pillə ali təhsil müəssisələrinə hazırlıq üçün nəzərdə tutulmuş 10 - 12 sinifləri əhatə etsə, abituriyentlər həm dərsə gəlməyə maraqlı olar, həm də repetitorlara əlavə vəsait xərcləməzlər”.
R.Nurəliyev vurğulayıb ki, bu addım üçün əvvəlcə dərsliklərin strukturu dəyişilməlidir: “Repetitorlar abituriyentləri 5-11 sinif dərslikləri əsasında hazırlayırlar. Azərbycan dili fənni üzrə hələ ən asan fonetika bölməsi üzrə materiallar 5-ci sinifdə keçilir və 11- ci sinifə kimi bir də heç vaxt həmin bölmələr yenidən izah edilmir. Uzun müddət sonra şagirddən həmin mövzuları yadlarında saxlanılması tələb olunur. Repetitor yanına getmək məcburiyyəti də bu səbəbdən yaranır”.
Həmsöhbətimiz 12 illik təhsil sisteminə keçməyin böyük naliyyətlərə yol açacağından bəhs edib: “Yuxarı sinif şagirdləri çox vaxt hazırlıqlardan dolayı məktəbdən yayınılırlar. Lakin 10-12-ci siniflərdə qəbul proqramına uyğun dərslər keçilsə, həm abituriyentlərin dərsə davamiyyəti tam olar, həm də qəbul nəticələrində yüksək dəyişiklik nəzərə çarpar. Çünki hər valideynin övladını hazırlaşdırmaq üçün imkanı yetərli səviyyədə deyil. Bu sistem həm abituriyentlər, həm də valideynlər üçün əlverişli hesab olunur”.