7 fevral 2024 - cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Biləsuvar rayonunun Zəhmətabad, Əliabad kəndlərində və Biləsuvar şəhəri 28 may küçəsi 19 ünvanında seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid atası Ağakərim İbrahimov və Rafət İsayev, təşviqat qrupunun üzvlərindən Akif Kazımov, Talıbağa Talıbov, Zakir Şahbazov, Qənbərəli Bağırov və Mirhənifə Mirsultanov çıxış ediblər.
Çıxış edənlər qeyd ediblər ki, Ulu Öndərin müəyyən etdiyi strategiyanı yeni çağırışlar şəraitində uğurla davam etdirən Prezident İlham Əliyev vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Qazanılan bütün uğurların əsasında cənab İlham Əliyevin milli maraqlara söykənən siyasəti dayanır. Təbii ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasəti xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.
Çıxış edənlər 7 fevral seçkilərində seçiciləri aktiv iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.