- 5 oktyabr, 20:12
- 442 dəfə oxunub
- 0
Şəhidlərin xatirəsi yad edildi
Oktyabr ayının 5-də Biləsuvar şəhərində I Qarabağ müharibəsi şəhidi Seyfullayev Zaur Əbdüləli oğlunun doğum günü və Aşağı Cürəli kəndində “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid kapitan Mahmudov Cavid Hilal oğlunun anım günü ilə əlaqədar ata yurdları ziyarət olunub. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Seyfullayev Zaur Əbdüləli oğlu 5 oktyabr 1975-ci ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbində təhsil alıb. 21 yanvar 1994-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılıb və 9 may 1994-cü ildə Tərtər-Ağdərə istiqamətində itkin düşüb. Biləsuvar rayon məhkəməsinin 5 avqust 1997-ci il tarixli qərarına əsasən şəhid statusu verilib. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri şəhid Seyfullayev Zaur Əbdüləli oğlunun adını daşıyır.
Azərbaycan Ordusunun kapitanı olmuş “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Mahmudov Cavid Hilal oğlu 6 fevral 1989-cu ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildən başlayaraq Silahlı Qüvvələrin "N" saylı hərbi hissələrində hərbi xidmət edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid kapitan Mahmudov Cavid Hilal oğlu ölümündən sonra Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi - “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!