Aprel ayının 23-də Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid Əbilzadə Sübhan Arif oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əbilzadə Sübhan Arif oğlu 23 aprel 1998-ci ildə Biləsuvar rayonun Nərimankənd kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almış və 2016-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ilin noyabr ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirmişdir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Noyabrın 7-də Nərimankənd kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əbilzadə Sübhan Arif oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!