- 27 noyabr, 15:35
- 466 dəfə oxunub
- 0
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi
Noyabr ayının 27-də Biləsuvar şəhərində şəhid Mahmudlu Babək Süleyman oğlunun doğum günü və Əsgərabad kəndində şəhid Əliyev Turan Sulduz oğlunun anım günü ilə əlaqədar ailələri ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılaraq xatirələri yad edilmiş, ruhlarına dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Mahmudlu Babək Süleyman oğlu 27 noyabr 1995-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2011-ci ildə Biləsuvar şəhəri Nizami adına 1 saylı tam orta məktəbin 9-cu sinifini başa vuraraq, Sumqayıt Texniki Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanır. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək, müddətdən artıq həqiqi hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirmişdir. Manqa komandiri Babək Mahmudlu “İstiqlal” snayper kursunu da müvəffəqiyyətlə başa vurmuşdur. Naxçıvanda Türkiyə Cümhüriyyətinin və Azərbaycan Respublikasının keçirdiyi birgə hərbi təlimlərdə snayper atəşi yarışlarında birincilik əldə etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşmış, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mahmudlu Babək Süleyman oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Biləsuvar şəhər küçələrindən birinə verilmişdir.
Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Əliyev Turan Sulduz oğlu 7 iyul 1996-cı ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Əsgərabad kənd tam orta məktəbində təhsil almış və 2012-2016-cı illərdə Ağdam Rayon Kollecində təhsilini davam etdirmişdir. 2016-2018-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ildən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 27 noyabr 2020-ci il tarixində Əsgərabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əliyev Turan Sulduz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun adı əbədiləşdirilərək Əsgərabad kəndinin küçələrindən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!