Aprel ayının 16-da Biləsuvar rayonunun Ağayrı kəndində I Qarabağ müharibəsi şəhidi Haxverdiyev Cavid Əlifağa oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideynlərinə baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki,
Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Haxverdiyev Cavid Əlifağa oğlu 16 aprel 1975-ci ildə Biləsuvar rayonunun Ağayrı kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Ağayrı kənd tam orta məktəbində təhsil almışdır. Hələ 17 yaşında orta məktəbdə oxuyarkən, 1992-ci ilin fevral ayında cəbhəyə yollanmışdır. 3 ay sonra döyüşdə yaralanan Cavid müalicəsini tam başa çatdırmaq üçün evlərinə göndərilir. Kənd xəstəxanasında tibb bacısı işləyən anası yarasının ağır olduğunu görüb oğluna cəbhəyə qayıtmamağı məsləhət bilir. Lakin məktəb yaşlı döyüşçü, yarası sağalar sağalmaz geri-səngərə dönür. 1992-ci ilin sentyabr ayının 9-da Laçın rayonunun Suarası kəndində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş və oktyabr ayının 2-də Ağayrı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Ağayrı kənd tibb məntəqəsinə verilib.
Allah şəhidlərimizə rəhmət eləsin!