Dekabr ayının 17-də Biləsuvar rayonunun Zəhmətabad kəndində şəhid Abdullayev Gündüz Çingiz oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Abdullayev Gündüz Çingiz oğlu 1 dekabr 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil almış və 2018-2020-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2020-ci ildən etibarən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Murovdağ istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 17 dekabr 2020-ci il tarixində Zəhmətabad kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Abdullayev Gündüz Çingiz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhid Gündüz Abdullayevin adı əbədiləşdirilərək Zəhmətabad kəndində küçələrdən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!