Dekabr ayının 16-da Biləsuvar rayonun Əliabad kəndində şəhid Kərimli Səməd İkram oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu.
Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının əməkdaşı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və qardaşına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Kərimli Səməd İkram oğlu 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 2007-2018-ci illərdə şəhid Malik Piriyev adına Əliabad kənd tam orta məktəbində təhsil almış və 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə getmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 9 noyabr 2020-ci il tarixində Əliabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Kərimli Səməd İkram oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Şəhid Səməd Kərimlinin adı əbədiləşdirilərək Əliabad kəndində küçələrdən birinə verilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!