» » » Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin doğum günündə xatirəsi anılıb


Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin doğum günündə xatirəsi anılıb

Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayevin  doğum günündə xatirəsi anılıb.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının müavini Vəlahəddin  Yunsurov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və digər şəxslər torpaqlarımızın azadlığı uğrunda  müharibədə qəhrəmancasına şəhid olan Vətən Müharibəsi Qəhrəmanı kaptan Nihad Akif oğlu  Babayevin doğum günü münasibəti ilə rayonun Günəşli kəndində yaşayan ailəsini ziyarət etdi. 

Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından danışılıb və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb.Şəhidin doğum günündə qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaqdır.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanının məzarı ziyarət olunub, ruhuna dualar oxunub. 

Bildiririk ki, Vətən Müharibəsi Qəhrəmanı Nihad Akif oğlu Babayev  1991-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 15 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə, 18 yaşında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə yüksək nəticə ilə qəbul olub. 2012-ci ildə leytenant rütbəsi alaraq xüsusi təyinatlı qüvvələrdə təlimə başlayıb və kursu uğurla bitirdikdən sonra Naxçıvana xidmətə göndərilib. Daha sonra isə Türkiyədə snayper təlimlərində iştirak edərək uğurlu nəticələr qazanıb, ardınca Gürcüstanda dağadırmanma üzrə xüsusi kurs keçib. Nihad Babayev peşəkar kəşfiyyatçı kimi erməni, ingilis və rus dillərini bilib.
Vətən Müharibəsi başlayanda Naxçıvan XTQ-də hərbi hissə komandirinin müavini olan və bir neçə ay öncə kapitan rütbəsinə yüksələn Nihad Babayevi rəhbərlik orada saxlamaq qərarına gəlib. Lakin Nihad Babayev hərbi komandanlığa raportla müraciət edərək Qarabağda döyüşlərə qatılması üçün xahiş edib. Bundan sonra oktyabrın 3-də Naxçıvandan göndərilən qrupun tərkibinə Nihad Babayevin də adı salınıb. Kapitan Babayev Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan uğrunda döyüşlərdə iştirak edərək qruplara komandanlıq edib. Bu döyüşlərdə həm avtomat, həm də zirehli texnika əleyhinə olan “RPG 7” ilə təchiz olunub.Oktybarın 29-də Füzuli rayonun Yuxarı Veysəlli kəndinə yaxın Uryandağ yüksəkliyi uğrunda şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nihad Babayevə  ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nihad Babayevə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR